Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya, əsasən, yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən, inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, 2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil etmişdir. Onlardan 365-ı (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-sı (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.
İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 386 nəfərə müalicə 2016-cı ilin ilk 9 ayı ərzində başlanılmışdır. 01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində, bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.
Bakı şəhərinin Xətai rayon polis şöbəsilə birgə, rayon orta ümumtəhsil məktəblərində silsilə mübarizə və təlimlər təşkil edilmiş, informasiya materialları paylanması mütəmadi şəkildə davam etmişdir. Bu təlimatlandırma narkomaniya İİV infeksiyası ilə mübarizə təbliğatını məktəblərdə tədris səviyyəsinə qaldırmağa imkan vermişdir.
NƏZAKƏT