Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, AMEA təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələri böyük maliyyə həcmli qrantlar (500 min manatadək) yolu ilə maliyyələşdirilib. Əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırması, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, mərkəzlərinin yaradılması və ya təkmilləşdirilməsidir.
2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyyələşdirilmə həcmi 9870000 manat olmaqla 56 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub. Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyyələşdirilməsi Elmin İnkişafı Fondunun büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11 və humanitar və ictimai elmlər üzrə 12 layihə qalib olub. Layihələrin icra müddəti 12 aydan 36 ayadəkdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.
Elmin İnkişafı Fondu gələcəkdə də kompleks elmi-tədqiqat proqramları üzrə böyük maliyyə həcmli və uzunmüddətli qrant layihələrini dəstəkləyəcək.
NƏZAKƏT