PDF Oxu

Sosial

  • 47

Azərbaycan-Xorvatiya münasibətləri Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək

Azərbaycan-Xorvatiya münasibətləri Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək

Strateji tərəfdaş və dost ölkə olan Xorvatiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlməkdədir

Xəbər verildiyi kimi, Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində xanım Prezident Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib. Geniştərkibli görüşdən sonra isə prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Məlumat üçün qeyd edək ki, Xorvatiya Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibində olan və 1991-ci ildə müstəqillik qazanan dövlətdir. Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə əsaslanır. İqtisadiyyatı İkinci Dünya müharibəsinin əvvəlinə qədər əkinçilik və maldarlığa əsaslansa da, müharibədən sonra sənaye sürətlə inkişaf edib. Ölkənin müxtəlif yerlərində çıxarılan neft emal olunur. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Varazdin və Karlovakda toxuma, Petrinija və Koprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf edib. Gəmi nəqliyyatı və turizm isə əhəmiyyətli gəlir qaynaqlarındandır. Bu gün Xorvatiyanın Azərbaycanla əməkdaşlıq etmək istəyi də elə perspektiv sahələrin inkişafının təmin edilməsilə əlaqədardır. Çünki Xorvatiya sənaye və kənd təsərrüfatı potensialını genişləndirmək üçün, ilk növbədə enerji təhlükəsizliyini təmin etməlidir. Bu səbəbdən də, Cənubi və Cənub-Şərqi Avropa ölkələri kimi Xorvatiya da ümidini Azərbaycan qazına bağlayıb. Sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və "Cənub Qaz Dəhlizi""nin reallaşması Avropanın enerji xəritəsini dəyişəcək. Xorvatiyanın da bu lahiyədə iştirakı TANAP və TAP kimi qaz kəmərlərinin Şərqi Avropa ölkələri üçün necə əhəmiyyət daşıdığının göstəricisidir.

İki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün imkanlar mövcuddur. Təkcə enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, tikinti, gəmiqayırma, telekommunikasiya, kənd təsərrüfatı və turizm sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Elə prezident xanım Kolinda Qrabar-Kitaroviçin ölkəmizə səfəri zamanı səslənən fikirlər bunu bir daha sübut edir.

Xatırlatmaq yerinə düşər ki, Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindəndir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı 20 sənəd imzalanıb, 13-ü üzərində isə iş davam etdirilir. Bu sənədlər arasında 2013-ci ildə imzalanmış strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd ölkələrimiz arasında ələqələrin inkişafı baxımından böyük önəm kəsb edir. Sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında sülh yolu ilə həllinə əhəmiyyətli yer ayrılıb. Biznes forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz Xorvatiyanın ixracından xəbərdarıq və siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Odur ki, düşünürəm ki, bu forum öz diqqətini, məhz bu istiqamətə yönəltməlidir: "Burada qarşılıqlı sərmayə qoyuluşu da müzakirə edilməlidir. Biz çox maraqlıyıq ki, ölkəmizdə yeni sahələr yaradılsın. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Biz bu baxımdan idxaldan asılı ölkəyik və düşünürəm ki, məhz əczaçılıq - dərmanların istehsalı sahəsində birgə müştərək müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki bizim bazar genişlənir, əhalimiz artıq on milyon nəfərə çatır və əhalinin sayı ildən-ilə artır. Bu səbəbdən bu sahə çox maraqlı ola bilər. Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzdakı dövlətlərə milyardlarla sərmayələr qoyulub. Eyni zamanda, Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və ayrı-ayrı özəl şirkətlərimiz tərəfindən sərmayələr yatırılıb. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir və əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər.

Turizm sahəsi. Təbii ki, Xorvatiyanın bu sahədə çox böyük təcrübəsi var. Dünən xanım prezidentlə söhbət edəndə mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də ölkəmizdə bu sahəni inkişaf etdirmək əzmindəyik. Bu, bizim üçün ənənəvi sektor olmamışdır. Amma indi şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də bu sahəni genişləndirməkdə maraqlıyıq və artıq turistlərin artımını müşahidə edirik. Bu səbəbdən bu da müzakirələrin mövzusu ola bilər.

Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır. Bildiyiniz kimi, biz geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olduqca çox maraqlıdır". Təbii ki, enerji sahəsində əməkdaşlıq daha geniş və prioritet təşkil edir. Çünki Azərbaycan ilə Xorvatiya arasında imzalanmış Anlaşma Memorandumuna görə "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası Bakıya imkan yaradacaq ki, xorvat bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil ola bilsin və həmin ölkələr də Azərbaycandan təbii qaz alaraq, yeni mənbə əldə etsinlər."

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin fikirləri də onu göstərir ki, ölkəsi Azərbaycanla sıx əlaqələr qurmaqda maraqlıdır. Biznes forumda xanım prezidentin "Avropa İttifaqında və NATO-da Xorvatiya Sizin dostunuz və tərəfdaşınız olaraq qalacaqdır" söyləməsi bunu bir daha sübut edir: "3 dəniz" təşəbbüsü var – Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsi. Biz görürük ki, iqtisadi əməkdaşlığımız neftin qiymətindən və ya Azərbaycanın sifariş etdiyi gəmi-bərələrin sayından asılı olur. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq".

Bir sözlə, strateji tərəfdaş və dost ölkə olan Xorvatiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlməkdədir. Bundan sonrakı mərhələdə iki ölkə qarşılıqlı surətdə sosial-iqtisadi layihələrlə bir-birinin inkişafına əvəzsiz töhfələr verə bilərlər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər