Bu mövzuda növbəti açıq dərs keçirilib
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında rayon icra hakimiyyətinin və mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilib. Açıq dərsdə rayonun 65, 76, 79, 84 və 85 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla tanış olub, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə mərkəzin sifarişi ilə hazırlanan "Millət Atası" filmini izləyiblər.
Açıq dərs Dövlət Himninin oxunması ilə başlayıb. Açıq dərsdə 65 nömrəli tam orta məktəbin müəllimi Nəriman Əliyev, 76 nömrəli tam orta məktəbin müəllimi Şirmayəxanım Səfərova, 79 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Babayeva, 84 nömrəli tam orta məktəbin müəllimi Afət Heydərova, 85 nömrəli tam orta məktəbin müəllimi Aynur Əsgərova Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər.
Açıq dərsdə çıxış edən müəllimlər qeyd ediblər ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Ümummilli Liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu Dahi İnsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Açıq dərsdə xüsusi vurğulanıb ki, bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında gələcəyə və inkişafa doğru məhz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirir.
Açıq dərsdə mövzu xüsusi hazırlanmış foto və video materiallarla şagirdlərin diqqətinə çatdırılıb.
ZÜMRÜD