Arzu Nağıyev: "Bu gün biz təklif deyil, şərt irəli sürən və diktə edən tərəfik"
Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərin azaldığı müşahidə olunur. Bunun fonunda isə cəbhədə atəşkəs rejiminin daha çox pozulduğu diqqəti cəlb edir. Bu baxımdan, bəzi yerli və xarici ekspertlər Dağlıq Qarabağda yenidən aprel döyüşlərinin baş verəcəyinin qaçılmaz olduğunu bildirirlər. Doğurdanmı bu cür döyüşlərin baş verməsi gözləniləndir? Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfi münaqişənin həllinin artıq bütün variantlarını ortaya qoyub: "Yəni bu gün biz təklif deyil, şərt irəli sürən və diktə edən tərəfik. Bunu Prezident İlham Əliyevin son bəyanatı da bir daha təsdiq etdi. Ermənilərin status məsələsini ilk öncə təklif etdikləri paket həll mexanizminin əksinə olaraq, biz mərhələli həll yoluna üstünlük veririk və beynəlxalq hüquq normaları çərçivəsində ən ali muxtariyyət haqqında danışıqlara da razıyıq. Təəssüf ki, bunun müqabilində erməni tərəfi bir sıra ağlasığmaz bəyanatlar verir və status-kvonu saxlamağa çalışır. Bu bizi qane etmir, boş vaxt itkisinə səbəb olur və bir çox beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsinə mane olur. Məhz belə bir vəziyyətdə artıq münaqişənin həll yolu kimi hərbi yol gündəmə gələ bilər".
"Azərbaycan BMT Nizamnaməsinin 25 və 51 maddəsinə əsaslanaraq, ərazisində anti-terror əməliyyatları apararsa, bu halda, beynəlxalq güclərin, xüsusilə də, həmsədr ölkələrin məsələyə münasibəti necə ola bilər" sualını cavablandıran politoloq bildirdi ki, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, məhz Dağlıq Qarabğla bir yerdə tanıyır və bu torpaqlar tarixi Azərbaycan əraziləridir və istərilən vaxt biz bu ərazilərimizin təhlükəsizliyinə yönələn təhdidlərdən qorumağa ixtiyar sahibiyik. İlk öncə, işğal olunmuş torpaqlardan ermənilərin qanunsuz hərbi birləşmələri çıxarılmalıdır: "Qeyd-şərtsiz çıxmaq istəmirlərsə, çıxaramağa hər an əl atıla bilər. Yəni istər BMT, istərsə də ATƏT bu məsələyə mənfi münasibət bəsləmək iqtıdarında deyil. Digər tərəfdən bu əməliyyatlar, təbii ki, böyük hərbi qarşıdurmaya səbəb ola bilər. Buna görə də Azərbaycan tərəfi sülhə üstünlük verir və beynəlxalq normalara görə isətədiyi an əməliyyatlar keçirə bilər".
"Rusiyanın, bir qədər əvvəl, yəni aprel döyüşlərindən dərhal sonra aktivliyi daha çox diqqəti cəlb etdiyi halda, bu gün fəaliyyətsiz bir vəziyyətdədir. Bunun səbəbini Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi ilə bağlı olduğunu demək olarmı" sualını cavablandıran A.Nağıyev onu da bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyində Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvünün üçü təmsil olunur - Rusiya, Fransa və ABŞ. Buna baxmayaraq, real nəticə əldə edilmir: "Hər üç dövlət müxtəlif cür bəyanatlar verməklə kifayətlənirlər, sanki münaqişənin həllində müsbət addımlar atmaq istəmirlər. Yəni verdikləri bəyanatlar tam deklorativ xarakter daşıyır. Regionda nüfuz sahibi olmaq üçün Putin dəfələrlə münaqişənin həlli istiqamətində bir sıra addımlar atmaq istədi. Lakin Ermənistanla olan münasibətlərinə görə bu addım danışıqlar masasından o yana keçmədi. Danışıqlar xatirinə də danışıqlara getmək bu gün Azərbaycana sərf etmir. Artıq ermənilər də başa düşürlər ki, hərbi əməlıiyyatlar başlasa, Rusiya yardım etməyəcəkdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən son iclasında istər Putinin bəyanatı, istər Lukaşenkonun çıxışı, Nazarbayevin iştirak etməməsi və s. göstərdi ki, bu təşkilat vacib qurum deyil və beynəlxalq qüvvələr tərəfindən tanınmır. Bu kimi faktorlar isə həddən artıq çoxdur".
GÜLYANƏ