Dünən YAP Şəmkir rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibəti ilə Şəmkir rayon Suvarma Sistemləri İdarəsi ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirmişdir. Tədbiri YAP Şəmkir rayon təşkilatı Suvarma Sistemləri ilk partiya təşkilatının sədri Sahib Quliyev açaraq 21 noyabr Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibəti ilə ölkədə silsilə tədbirlər keçirildiyini deyərək, bu görüşün də eyni məqsədlə baş tutduğunu söyləyib: "Ölkə siyasətinin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranması, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".
Sonra S.Quliyev Suvarma Sistemləri ilk partiya təşkilatının ötən dövrdə gördüyü işlər barədə məlumat verib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə şərəfli bir yol keçdiyini bildirmişdir. O, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulamışdır: "Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə YAP Şəmkir rayon təşkilatında tədbirlər planı hazırlanmış və təsdiq olunmuşdur".
Çıxış edən partiya üzvlərindən Məzahir Hüseynov müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin, siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu demişdir. O, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləmişdir.
Partiya üzvlərindən Mirbəşir Ələsgər, Surac Namazov və başqaları çıxış edərək bildirmişlər ki, yarandığı ilk gündən kəmiyyət və keyfiyyətcə dəyişməyi, müasirliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən saf əqidəli insanları ətrafına toplayan YAP-ın milyonların partiyası olduğunu tarix özü sübut etdi. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın ətrafına toplaşan saf əqidəli insanlar üçün fəaliyyət proqramı oldu. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir partiya üzvü üçün böyük şərəf və məsuliyyətdir. Tədbirin sonunda, həmçinin, partiyaya yeni üzvlərin qəbul edilməsi məsələsi müzakirə edilib.
Samir