PDF Oxu

Sosial

  • 63

San-Dieqo-Bakı Dostluq Cəmiyyəti təsis edilib

San-Dieqo-Bakı Dostluq Cəmiyyəti təsis edilib

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən ziyafətdə Bakı ilə San-Dieqo arasında münasibətlərin yaradılmasının 5-ci ildönümü də qeyd edilib. Tədbirdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən, Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San-Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak ediblər.

İlk öncə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışaraq, müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib: "Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan bu böhrandan xilas ola bildi. Azərbaycanın müasir inkişafının və tərəqqisinin təməlini qoyuldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycanın sürətlə çağdaşlaşan, sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrilib". Azərbaycan-ABŞ münasibətlərindən danışan N.Ağayev, Bakı və San-Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verdiyini qeyd edib.

2011-ci ildən San-Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmış Nəsimi rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov Bakı ilə San-Dieqo arasında 5 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan A.Əsgərov, San Dieqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etməyə dəvət edib.

Görüşdə Azərbaycan nümayəndə heyətinin digər üzvləri - Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də çıxış edərək, öz təbriklərini çatdırıblar.

Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez isə əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, bu baxımdan San-Dieqo-Bakı əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. Çıxışının sonunda Azərbaycanın müstəqillik günü ilə bağlı R.Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsni təqdim edib.

Ziyafətdə San-Dieqo-Bakı Dostluq Cəmiyyətinin sədri Martin Kruminq bu əlaqələrin yaradılmasının tarixi barədə məlumat verərək, San-Dieqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.

Ü.ƏSGƏROV

Digər xəbərlər