Məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək, mehriban qonşular kimi yaşamağa çağırış olan, 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilmiş 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar Pirallahı rayonunda geniş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində layiqli həyat sürmələrini, onların azadlıq və dostluq mühitində yaşadığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub-saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında, ənənəvi olaraq, din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Bildirilib ki, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində həyata keçirdiyi nailiyyətlər hamımızı sevindirir. Biz əminik ki, ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq.
YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı qəsəbə məscidində dini ayinlərin icraçısı Elçin Baxşıyev, Azərbaycan Rus İcmasının Pirallahı rayon təşkilatının sədri Yelena Aşurova öz çıxışlarında bildiriblər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir: "Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətlər bəslənilir və hər bir vətəndaşımız öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir.
Prezident İlham Əliyev vurğulayır ki, "Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir". Cəmiyyətin inkişafı üçün başlıca şərt sabitlik və sülhdür. Bunlar olmadan nəyəsə nail olmaq qeyri-mümkündür. Pirallahı rayonunda dini və milli dəyərlərə dərin ehtiram hissi vardır. Son illərdə bu dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində rayonumuzda çoxlu işlər görülmüş, müxtəlif tədbirlər keçirilmişdir".
Samir