PDF Oxu

Sosial

  • 53

Əhali təhlükəsiz dərman vasitələri ilə təmin ediləcək

Əhali təhlükəsiz dərman vasitələri ilə təmin ediləcək

Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdəndir. Dərmanların əlavə təsiri insan orqanizmə mənfi təsir göstərə, hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Bundan başqa, dərman vasitələrinin əks-təsirindən meydana gələn fəsadları aradan qaldırmaq iqtisadi cəhətdən böyük vəsait tələb edir.

Hər bir dərman vasitəsi bazara çıxmazdan öncə, bir çox klinik sınaqlardan keçir. Klinik sınaqlardan uğurla keçmiş yüksək terapevtik effekt göstərmiş və əlavə təsirlər baxımından, təhlükəsiz dərman vasitələri satış bazarına çıxmağa icazə alır. Müasir dərman vasitələri bir çox xəstəliklərə qarşı effektiv mübarizə imkanları versə də, unutmamalıyıq ki, hər bir dərman, eyni zamanda, zəhərdir. Təbii ki, bu təsirlər dərmanların klinik tədqiqat mərhələlərində öyrənilir. Lakin dərman vasitələri satışa çıxdıqdan sonra da yeni əlavə təsirlər meydana çıxır. Dünyada baş vermiş dərman faciələri yeni bir sahənin inkişafına stimul verdi. Bu farmako-nəzarət və ya dərman preparatının əlavə təsirləri haqqında məlumatların toplanmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi izaha görə farmako nəzarət dərman vasitələrinin əlavə təsirlərinin aşkar olunması, qiymətləndirilməsi, interpretasiya və profilaktikası ilə əlaqəli olan praktiki fəaliyyəti və eləcə də, tibbi müdaxilənin digər problemləri haqqında elmdir. Praktikada isə bu proses yaxşı təşkil olunmuş farmako-nəzarət sistemi deməkdir.

Hazırda dünyada dərman sektorunun inkişafı və son bir ildə səhiyyə sistemimizdə gedən sürətli islahatlar farmakoloji nəzarətin əhəmiyyətini daha da aktuallaşdırır. Respublikamızın, bir çox sahələrində olduğu kimi, əczaçılıq sahəsində da bir çox irəliləyişlər nəzərdən qaçmır və farmakoloji nəzarət sisteminin əhəmiyyəti və inkişafı dövlətimizin diqqətindədir. Ölkəmizdə dərman vasitələrinin rasional istifadəsi, dərman preparatlarının effektivliyi və əlavə təsirləri haqqında məlumatın sistemləşdirilməsi, səhiyyə işçilərinin dərmanların təsiri haqqında məlumatlandırılması və ümumi mərkəzləşdirilmiş məlumat sisteminin yaradılması məqsədilə mərkəzdə farmakoloji nəzarət sistemi qurulmaqdadır.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən, dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi mərkəzdə aparılan farmako nəzarət fəaliyyətlərinin əsasını təşkil edir.

Farmako-nəzarət üzrə müvafiq qanunvericiliyin hazırlanması və beynəlxalq təcrübəyə uyğun əsaslandırılması məqsədi ilə müvafiq kurs və treyninqlər keçirilib. Bu məqsədlə Almaniya, Türkiyə, Ukrayna, Belarus Respublikası, Qazaxstan Respublikası, Birləşmiş Krallıq, ABŞ dövlətlərinin və Avropa İttifaqının müvafiq qanunvericiliyi araşdırılmış və təcrübəsi öyrənilmişdir. Hazırda farmako-nəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa İttifaqının dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə GVP modullarının tərcüməsi və milli qaydaların hazırlanması və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanılmışdır. Milli Farmako-nəzarət sisteminin qurulması işlərinə başlanılmış, müvəqqəti farmakonəzarət təlimatı təsdiqlənmiş, məlumat bazalarının və müvafiq farmakonəzarət proqramlarının yaradılmasına başlanılmışdır. Ümumdunya Səhiyyə Təşkilatı "Uppsala Monitoring Centre" ilə əlaqələr qurulmuş və Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Dərman Vasitələrinin Monitorinqi Beynəlxalq Proqramına qoşulmuşdur. Hazırda Analitik-Ekspertiza Mərkəzi proqramın assosiativ üzvüdür. Yaxın zamanlarda tam hüquqlu üzvü olması üçün bir sıra mühüm işlər görülməkdədir. Əlavə təsirlərin izlənilməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, Ümumdünya Səhiyyə Təşkilatının "Upsala" Dərman Vasitələrinin İzlənməsi Mərkəzinə məlumatların ötürülməsinə başlanılmışdır. Bir çox ölkələrin farmako-nəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulmuşdur.

Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydalarına əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər. Xəstələr üçün də məlumat formaları hazırlanıb. Dərmanın əlavə təsirləri aşkar edildiyi halda, vətəndaş AEM-in rəsmi internet saytındakı "onlayn" məlumat blankını doldurub, bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər. Bütün bunlar onu göstərir ki, müasir dövrdə vətəndaşlarla qarşılıqlı iş birliyinə üstünlük verilir və onların təhlükəsiz dərman vasitələri ilə təminində nəzarət daim gücləndirməkdədir.

NƏZAKƏT

Digər xəbərlər