Dünən Suraxanı rayonu Heydər Əliyev Parkında xüsusi tərtibatla bəzədilmiş "Bayraq meydanı"nda Suraxanı rayon icra hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.
İctimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İ.Abbasov qeyd edib ki, bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir: "Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir".
İ.Abbasov xüsusi vurğulayıb ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır:"Dövlət başçısı 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun, 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" Sərəncam imzalamış, 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla isə Azərbaycanın üçrəngli bayrağının 1918-ci ildə ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini əbədiləşdirərək "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis etmişdir.
Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış ediblər.
Sonra Heydər Əliyev Parkında yerləşən "Bayraq meydanı"ndan velosipedçilərin yürüşünə start verilib. 100-dən çox velosipedçi xüsusi geyimdə dövlət bayrağı ilə rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək "Atəşgah Məbədi" Tarix-Memarlıq Qoruğuna, oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək "Finiş" nöqtəsinə - Bayraq meydanına gəliblər.
Dövlət Bayrağı Gününə həsr olunmuş velosiped yürüşünün təşkilində fəal iştirakına görə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Əliyev Fərhad və federasiyanın təşkilat və inzibati məsələlər üzrə direktoru Qurbanov Faiq rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Yürüşdən sonra rayonun "Gənclər evi"ndə gənclərin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, rayonun mədəniyyət kollektivlərinin hazırladığı konsert proqramı təqdim olunub.
ZÜMRÜD BAYRAMOVA