Sosial

  • 2 884

YAP Qusar rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

image

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirib. 2015-ci ildən rayonda istifadəyə verilən "Şəfa" İstirahət Mərkəzinin ərazi ilk partiya təşkilatı təsis olunub.

Təsis yığıncağını giriş sözü ilə açan YAP Siyasi Şuranın üzvü, Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli yol keçdiyini bildirib. O, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıb. YAP-ın sıralarının gündən-günə genişləndiyini bildirən D.İbramxəlilov rayon təşkilatının üzvlərinin sayının 5728 nəfərə, təşkilatların sayının isə 102-yə çatdığını qeyd edib.

Yeni istifadəsinə verilmiş "Şəfa" İstirahət Mərkəzində 50 nəfərə yaxın işçinin çalışdığını bildirərək, onlardan 31 nəfərinin YAP Qusar rayon təşkilatına yeni üzv olunması üçün ərizə ilə müraciət etdiyini qeyd edib.

İclasda "Şəfa" İstirahət Mərkəzində yeni ərazi ilk partiya təşkilatının təsis olunması və ərazi ilk partiya təşkilatına sədr və sədr müavinin seçilməsi məsələləri müzakirə olunub.

Açıq səsvermə yolu ilə "Şəfa" İstirahət Mərkəzi ərazi ilk partiya təşkilatının sədr vəzifəsinə Xasmətov Zeynəddin Nurəddin oğlu, sədr müavini isə Məmmədov Roman Niftulla oğlu seçilib.

Z.Xasmətov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına töhfələr verdiyini diqqətə çatdırıb.

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

D.İbramxəlilov yeni təsis olunmuş ərazi ilk partiya təşkilatının sədr və sədr müavininə, eləcə də YAP sıralarına yeni qəbul olunmuş üzvlərə uğurlar arzulayıb və Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edərək, işlərində müvəffəqiyyətlər arzulayıb.

NƏZAKƏT

Digər xəbərlər