Dünən "Holiday İnn" hotelində "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən, Qarabağ problemindən söz açaraq bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü tək torpaqlarımızin itirilməsi ilə hiss etmirik: "Beynəlxalq tədbirlərdə, internetdə, mətbuatda, mətbəxdə, kinolarda da bunun şahidi oluruq. Elə ay, il olmur ki, mənfur qonşularımız hər hansı mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə də hiss edirik. Müəyyən vasitələrlə, alimlərin hazırladıqları faktlarla bunun qarşısını almağa çalışırıq.
Bu işdə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nüfuzunun böyük rol oynadığını diqqətə çəkərək bildirdi ki, ölkəmiz Qarabağın işğalı ilə çox böyük mənəvi və mədəni itkilərə məruz qalıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə, 149 yerli əhəmiyyətli abidə, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 heykəl, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və qarət edilib:"Dünya əhəmiyyətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, nadir eksponatlara malik Şuşa Tarix Muzeyi, dünyada ikinci olan Ağdam Çörək Muzeyi, Zəngilandakı daş heykəllər ermənilər tərəfindən məhv edilib. Hazırda dağıdılmış və talan edilmiş memarlıq abidələri içərisində Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, eyni zamanda Yaxın və Orta Şərqin ən qədim yaşayış məskənlərindən olan Azıx və Tağlar mağaraları, Üzərliktəpə yaşayış məskəni, kurqanlar və yüzlərlə yerli və ölkə əhəmiyyətli tarixi abidə var".
IRCICA-nın baş direktoru Halit Eren konfransın rəhbərlik etdiyi qurumla Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olduğunu söylədi. Layihənin məqsədi Azərbaycanın Qarabağ bölgəsindəki mədəni və memarlıq irsinə diqqət çəkmək və bu irsi qorumağa töhfə verməkdir. Bu layihə problemi müzakirə etməyə və sənədlər toplamağa, dünya ictimaiyyətini məlumatlandırmağa və Qarabağın mirasının qorunmasına yönəlmiş elmi, professional və təcrübi təşəbbüsdür. Layihəyə əsasən, bölgənin tarixi ilə bağlı qaynaqların nəzərdən keçirilməsindən mirasın qorunması və restavrasiyasına qədər müxtəlif istiqamətlər, bunlarla bağlı sahələr mütəxəssislər tərəfindən müzakirə ediləcək.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Eneolit və İlk tunc dövrü arxeologiyası" şöbəsinin müdiri, professor Hidayət Cəfərov işğal altında olan tarixi abidələrimiz və onların öyrənilməsi xronologiyası barədə danışdı. Qeyd etdi ki, Qafqazda arxeoloji tədqiqatların öyrənilməsi ilk olaraq Azərbaycanın Qarabağ bölgəsindən başlanıb. Azıx və Tağlar mağaralarında Daş dövrünün bütün mərhələləri əks olunub. Qarabağın coğrafi şəraiti insanların məskən salması üçün çox əlverişlidir.
ZÜMRÜD