Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2016-cı il tarixli 431 nömrəli qərarı ilə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və T.İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Təhsil nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, verilən məlumata görə, yeni müəssisənin yaradılması yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhər ərazisindəki keçmiş Azərbaycan Ensiklopediyasının binasında yerləşdirilməsi nəzərdə tutulub. Lakin qeyd olunan binada təmir işləri yekunlaşanədək həmin mərkəzlər öz fəaliyyətini hazırkı binalarında davam etdirəcəklər.
Yeni mərkəzin qədim tariximizin yaddaşı olan məkanda fəaliyyəti qoruğa daha çox uşaq və gənclərin cəlb edilməsi, eyni zamanda, İçərişəhərin "Canlı tarix" konsepsiyasının reallaşdırılması istiqamətində növbəti addım olacaq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların estetik dünyagörüşünün milli köklər üzərində formalaşmasına da müsbət təsir göstərəcəkdir.
NƏZAKƏT