Şəmkir Heydər Əliyev Mərkəzində 16 noyabr Beynəlxalq Toleranlıq Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi Mübariz Süleymanov, ziyalılar, rayonda yaşayan müxtəlif xalqların nümayəndələri və gənclər iştirak ediblər.
Tədöirdə çıxış edən millət vəkili S.Əliyeva bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. S.Əliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq, nəticədə, ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığına diqqət çəkib: "Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir".
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu bildiriblər.
Şəmkir rayonunda yaşayan müxtəlif xalqların nümayəndələri də çıxışlarında Şəmkirdə multikultural ənənələrin tarixən qorunduğunu qeyd edərək, burada yaşayan bütün xalqların nümayəndələrinə daim sayğı göstərildiyini bildiriblər və bu sahədə görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını dilə gətiriblər.
Samir