Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov rayondakı mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycanın dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanındığını bildirib.
Tədbirdə DQİDK-nın nümayəndəsi Əliheydər Zülfüqarovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Ə.Zülfüqarov bildirib ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir: "Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib".
Diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkən Əliheydər Zülfüqarov qeyd edib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, islamı siyasiləşdirərək qarşıdurma yaratmaqla, onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən ölkəyə çevrilib.
Tədbirdə çıxış edənlər din pərdəsi altında ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Rövşən NURƏDDİNOĞLU