Dövlət büdcəsindən şəkərli diabet xəstələrinə 40,1 milyon manat vəsait ayrılıb
Dünən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqası ilə birlikdə Beynəlxalq Diabet Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Dünya Diabet Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev ölkəmizdə şəkərli diabetlə mübarizə istiqamətində görülmüş işlərdən danışıb: "İnsanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən, Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib.
Konfransda daha sonra Respublika Endokrinoloji Mərkəzi direktorunun müavini Babek Salek, Respublika Klinik Xəstəxanası baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış ediblər. Nəzərə çatdırılıb ki, hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər.
Çıxışlarda bildirilib ki, düzgün qıdalanma, fiziki aktiv həyat tərzi, pis vərdişlərdən imtina 70% qədər ŞD tip 2 ilə xəstələnmənin qarşısını alır. Bu, o deməkdir ki, 160 milyona qədər daha az insan ŞD-lə xəstələnəcək. ŞD zamanı ağırlaşmaların vaxtında araşdırılması üçün aparılan skrininqlər xəstəliyin gedişatını yaxşılaşdırır. Diabetin göz, ürək qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infark miokard, insult, böyrək hemodializi, ayaq amputasiyası erkən əllilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qandamar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan - 10 dəfə, nefropatiyadan 12-15 dəfə, və s. ölüm halı müşahidə edilə bilər. Şəkərli Diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda, ancaq erkən diaqnoz və erkən müdaxilə korluğun qarşısını ala bilər. ŞD zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətdən asılı olaraq ildə iki dəfə müayinə olunmalıdır.
Qeyd edək ki, konfrans iştirakçıları skrininq müayinəsindən keçiriliblər. Müayinələr noyabrın 14-dək Respublika Endokrinoloji Mərkəzində davam edəcək.
ZÜMRÜD