Prezident İlham Əliyev: "Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq"
Bu gün Azərbaycan dünyada cərəyan edən qlobal böhranın mənfi təsirlərinə baxmayaraq hərtərəfli inkişaf üçün bütün zəruri addımları atmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində sosial-iqtisadi sahədə, xüsusilə, aqrar sektorda mühüm biznes layihələr reallaşdırılmaqdadır. Əlbəttə ki, ilin əvvəlindən başlayaraq həyata keçirilən tədbirlər nəticəsində Prezident İlham Əliyev Azərbaycan xalqına müharibə şəraitində yaşadığını unutdurur. Çünki güclü ordumuz var və onun sayəsində vətəndaşlar firavan və təhlükəsiz yaşayır. Bunu elə Prezident İlham Əliyevin noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda-idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən də gördük.
Komanda-idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyən Ali Baş Komandan döyüş tapşırığını yerinə yetirərkən, xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Hərbçilərlə görüşən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Amma qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurub və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib.
"Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir" - deyən Prezident İlham Əliyev onu da qeyd edib ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlayıb: "Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq".
Azərbaycan xalqınin böyük xalq, Azərbaycan vətəndaşlarının vətənpərvər olduqlarına diqqət çəkən Prezident İlham Əliyev əlavə edib ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar: "Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır".
Əlbəttə ki, bu gün fəxr hissilə deyirik, Azərbaycanın güclü ordusu var. Buna da mənəvi haqqımız çatır. Çünki aprel döyüşlərindən sonra bir daha isbat olundu ki, ordumuz istənilən an Azərbaycanın işğal altında olan torpaqlarını qısa müddətdə geri ala bilər. Çünki elə Prezident İlham Əliyevin dediyi kimi, ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi".
Xatırladaq ki, hələ 1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirildi və 22 kənd işğalçılardan azad edildi. Bu, təbii olaraq böyük tarixi qələbə idi. Aprel döyüşləri də növbəti tarixi qələbə oldu. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq və öz ərazi bütövlüyümüzü bərpa edəcək. Çünki Qarabağ bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik".
"Səs" Analitik Qrupu