Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində əhaliyə səyyar xidmət göstərilir. Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla, əvəz edilməsi və digər xidmətlər göstərilir.
Komitədən verilən məlumata görə, 2015-ci ildə səyyari xidmət vasitəsilə muxtar respublikanın 85 yaşayış məntəqəsindən 1502 müraciət qəbul edilib. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir. Noyabrın 10-da komitənin səyyar briqadası Şərur rayonunun Çərçiboğan kəndində olub və burada əhaliyə xidmət göstərib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Rüstəmov bildirib ki, xidmət göstəriləcək ünvanlarda 5 gün əvvəl elanların vurulması təmin edilir və sakinlər arasında maarifləndirmə işləri aparılır. Səyyar xidmət Çərçiboğan kəndinin mərkəzində təşkil olunub. Ahıl və sağlamlıq imkanları məhdud olan vətəndaşların müraciətlərinə yaşadığı ünvanda - elə yerindəcə baxılıb, həmin şəxsə məxsus torpaq sahəsinin şəhadətnaməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla əvəzlənib. Günün sonuna qədər 28 nəfər kənd sakininə səyyar xidmət göstərilib. Əhaliyə səyyar xidmətlərin göstərilməsi muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir. Bundan başqa, səyyar xidmətin təşkili yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, vaxta qənaət etməyə, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradıb.
Qeyd edək ki, analoji tədbir Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində də keçirilib. Gün ərzində 12 nəfər kənd sakini səyyar xidmətdən yararlanıb.
Samir