Gənclər Fondunun maliyyə dəstəyi ilə layihə uğurla icra edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclər üçün Kargüzarlıq Təlimləri" adlı layihənin təlimlərinə yekun vurulub. Layihə çərçivəsində Bakı şəhərində 3 gün - hər gün 30 yeni iştirakçı cəlb olunmaqla, ümumilikdə, 90 nəfər tələbə - gəncin iştirakı ilə kargüzarlıq təlimləri keçirilmişdir. Təlimlər böyük maraqla qarşılanmış və təlim iştirakçıları kargüzarlıq işi və onun təşkili haqqında faydalı bilgilər əldə etmişlər.
Təlimlərdə çıxış edən layihə rəhbəri Həzrət Bədiyev iştirakçılara layihənin məqsədi və təlimlərin önəmi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, layihənin əsas məqsədi rəsmi-işgüzar üslübun norma və tələblərinin, bu üslubda yazılan sənədlərin formalarının gənclərə daha dərindən öyrədilməsi və onların kargüzarlıq işi və onun təşkili haqqında məlumatlandırmaqdır. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün iş həyatında faydalı olacağına ümid etdiyini vurğulamışdır. Daha sonra layihədə təlimçi-ekspert kimi çıxış edən İnsan Resursları üzrə mütəxəssis Vüsal Qasımov təlimlər aparmış və iştirakçılara faydalı məlumatlar vermişdir.
Hər bir təlimin sonunda iştirakçıların sualları cavablandırılmış və bütün təlim iştirakçılarına sertifikatlar , kargüzarlıq haqqında faydalı məlumatları özündə əks etdirən bukletlər və digər paylama matrealları təqdim olunmuşdur.
S.Feyruzov