Dünən 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, müxtəlif dini konfenssiyalara, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər mühüm rol oynayır.
İ.Abbasov bildirib ki, müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.
Tədbirdə "Azərbaycan tolerantlıq ölkəsidir" adlı məruzə ilə çıxış edən filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev bildirib ki, bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib: "Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli-mədəni dəyərlərin qovuşma müstəvisinə çevirmişdir. Müdrik şəxsiyyətin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Ölkəmizdə dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması beynəlxalq aləmdə də etiraf olunur. Prezident İlham Əliyevin din xadimləri ilə keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq ölkəmizdəki dini icmaların, diplomatik korpusların nümayəndələri ilə iftar süfrələrində birgə iştirakı tolerant düşüncənin artıq tam bərqərar olunmasından xəbər verir".
Məruzə ətrafında Azərbaycan-Tatar Gəncləri "Yaşlek" Mərkəzinin sədri Diyaz Ahmədcanov, 76 saylı tam orta məktəbin müəllimi Yelena Sergeyevna Aslanova, Əmircan məscidinin axundu Rəhim Kərimov, Bülbülə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev, Rus İcmasının Suraxanı rayon təşkilatının Gənclər komissiyasının sədri Tamella Mikaylovna Abbasova çıxış edərək, qeyd ediblər ki, bu gün ölkəmizin multikultural dəyərlərə böyük önəm verməsi, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən respublikamızın rəhbəri bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
ZÜMRÜD