PDF Oxu

Sosial

  • 619

Sosial şəbəkələrdə ölkə rəhbərliyinə qarşı təhqiredici ifadələrə görə cəzalar sərtləşdirilir

Sosial şəbəkələrdə ölkə rəhbərliyinə qarşı təhqiredici ifadələrə görə cəzalar sərtləşdirilir

"Prezident dövlətin atributu, simvoludur, onu qorumalıyıq"

Dünən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclas keçirilib. Komitə sədri Əli Hüseynov iclasda "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, yeni layihəyə əsasən, istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq: "Zaman-zaman həm cinayət təqibinin sadələşdirilməsi, həm də cinayət mühakimə icraatının tezliyinin təmin olunması ilə bağlı məsələlər qaldırılır. Burada hal şahidlərinin iştirakının ancaq məcbuirliyi aradan qaldırılır, amma hal şahidlərinin iştirakı həm də mümkündür. Digər tərəfdən, apellyasiya baxışının təyin olunması barədə ilkin qərardan kassasiya şikayətinin verilməsi prosesinin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülüb. Belə ilkin qərardan şikayətin verilməsi, əslində, cinayət mühakiməsinin bəzən aylarla uzadılmasına gətirib çıxarır. Bu dəyişikliyin edilməsi cinayət təqibinin sadələşdirilməsi və cinayət mühakiməsi prosedurunun tezləşdirilməsi üçün vacibdir". Layihəyə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə, videoçəkilişdən istifadə məcburidir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 hal şahidinin iştirakı mütləqdir".

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək, böhtan atan və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək. Bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin dünən keçirlən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. İnternet-informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinın şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir.

"Əli Kərimlinin "Azadə və Xatun" adlı saxta profilləri var"

Layihənin müzakirəsi zamanı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, tənqid normal bir şeydir: "Ancaq təhqir qətiyyən qəbul olunan deyil. Dövlət başçısının sosial şəbəkələrdə təqhir edənlərin tərbiyəsində problem var. Onlar qanun qarşısında cavab verməlidirlər. Mən üzümü ayrı-ayrı şəxslərin, eləcə də dövət başçısının ünvanına təhqir yağdıranlara demək istəyirəm ki, əgər özlərinin ana-bacıları, ailə üzvləri təhqir olunsa idi, özlərini necə hiss edərdilər!?"

Milli Məclisin deputatı Elşən Musayev qeyd edib ki, özünü müxalifət "lideri" adlandıran Ə.Kərimli saxta profillər vasitəsilə sosial şəbəkələrdə təhqir dolu fikirlər səsləndirir: "Mən şəxsən özüm Ə.Kərimlinin saxta profillərindən ikisinin adını müəyynələşdirmişəm: Azadə və Xatun. Uzun illərdir mənim ünvanıma təhqirlər yağdırırlar".

Milli Məclisin deputatı Fəzail Ağamalı vurğulayıb ki, prezident dövlətin simvolu və atributudur: "Gerbimizi, bayrağımızı necə qoruyuruqsa, dövlət başçımızı da elə qorumalıyıq. Bizlər də təhqəri edirlər. Axı günahımız nədir?"

Milli Məclisin deputatı Məlahət İbrahimqızı şərəf və ləyaqətin təhqir olunmasının qətiyyən yolverilməz olduğunu, saxta profillər vasitəsilə dövlət başçısının, ayrı-ayrı şəxslərin, dövlət adamlarının təhqir olunmasının qanunla qadağan olunmasının vacibliyin vurğulayıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

"Bakıda hakim korpusunun 90 faizi yeni təyinatların payına düşür"

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında gündəliyə daxil edilən "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov çıxış edib. O, qeyd edib ki, 2005-ci ildə hakimlərin ştat sayı 300 idisə, bu gün onların sayı 600-ə çatıb: "Məhkəmə aparatı işçilərinin sayı isə 2005-ci illə müqayisədə 75 faiz artırılıb. 307 nəfər gəncin hakim vəzifəsinə təyinatı olub. Bakıda hakim korpusunun 90 faizi yeni təyinatların payına düşür. Gələn ilin sonu üçün 100-dən çox hakimliyə namizədi işə təyin etməyi planlaşdırırıq. Bu da məhkəmələrdəki hakimlərin iş yükünün azaldılmasına şərait yaradacaq. Hakimlərin ştat sayının artırılması ilə iş yükünün azaldılmasına nail olmaq çətindir. 2000-ci ildə məhkəmələrdə iş yükü təxminən 21 min mülki işdən ibarət idisə, bu gün iş yükü 330 min təşkil edir. Başqa sözlə, məhkəmələrdə iş yükü 15 dəfədən çox artıb. Əsas problem mülki işlərdə müşahidə olunur. Hakimlərin öhdəsindən gələ biləcəyi iş yükünün həcmi hər ay təxminən 25-30 işdir. Bu gün tək Bakı şəhərində bu rəqəm yüzlə ölçülür. Elə məhkəmələr də var ki, bu say yüzdən çoxdur. Deməli, biz hakim ştatlarının sayını 3-4 dəfə artırmalıyıq". C.Hüseynov onu da bildirib ki, Ali Məhkəmənin tövsiyəsinə əsasən, oktyabrın sonunda Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi: "Artıq icra işlərinə xitam verilməsi ilə bağlı səlahiyyətlər məhkəmələrdə hakimlərin deyil, icra xidmətlərinin üzərlərinə qoyuldu. Dəyişiklik qüvvəyə mindikdən sonra hakimlərin iş yükü təxminən 20-25 faiz azalacaq. Bu gün 3-5 manat dəyərində olan iddialar da Ali Məhkəməyə qədər gedib çıxır. Bununla da, əsassız yerə yuxarı instansiyalı məhkəmələrin iş həcmi artırılmış olur. Məsələ ilə əlaqədar müəyyən təhlillər aparılır. Hakimlərin maaşı elə də çox deyil. Birinci instansiya məhkəməsinə ilk dəfə təyin edilən hakimin maaşını əlavə gəlirlərlə hesablasaq, təxminən 1500 manata qədər təşkil edir. Bu da orta əmək haqqına nisbətdə aşağı rəqəm deyil".

Samir

Digər xəbərlər