Azərbaycan Prezidentinin Sərəncamı ilə V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu keçiriləcək
Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir, ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, festivallara ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın beynəlxalq imicinə müsbət təsirini göstərməklə yanaşı, dövlətimizin mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini təqdim etmək baxımından da çox önəmlidir. Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forum, Bakı I Elm Festivalı, Bakı Beynəlxalq Teatr Konfransı, "Bakı-2015" I Avropa Oyunları, "Formula-1" və onlarla mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu insanları bir araya gətirir. Bütün bunlar isə dövlətimizin inkişaf göstəricisinin və xalqımızın zəngin tarixə, etnoqrafiyaya və mədəniyyətə malik olmasının təbliği şəbəkəsinin və auditoriyasının daha da genişləndirilməsi deməkdir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və ölkəmiz mədəniyyətlərarası dialoqa töhfələrini verən məkan kimi dünyada tanınır. Bu və ya digər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili əcnəbi qonaqların rəylərində də öz əksini tapır və ölkəmizə səfər edənlər gözləri ilə burada hökm-sürən ab-havanı, sabitliyi, adət və ənənələrimizi, xalqımızın qonaqpərvərliyini görür və yüksək qiymətləndirirlər.
Qloballaşan bugünkü dünyada beynəlxalq tədbirlərin təşkilində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması istiqamətində genişmiqyaslı işlərin görüldüyünü də qeyd etməliyik. Hər dəfə dünyanın beynəlxalq təşkilatlarının təşkilatçılığı ilə keçirilən konfrans və simpoziumlarda və tədbirlərdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanı ən yüksək şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, adət və ənənələrini, onun mövcud problemlərini, ən əsası isə Qarabağla bağlı məsələləri dünya dövlətlərinin diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan reallıqlarına yönəldir.
Musiqi mədəniyyəti ilə fərqlənən Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar fondun təşəbbüsü ilə təşkil olunur. Bu layihələr çərçivəsində iştirakçı dövlətlər Azərbaycanın milli musiqisi, adət-ənənələri ilə bahəm, qədim zamanlardan Azərbaycanın tolerantlıq ənənələrinin qorunub saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığını daha aydın sezirlər. İnsanlar, xalqlar bir-birini, məhz mədəniyyət yolu ilə daha yaxşı tanıyır, daha dərindən öyrənir ki, bu da ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır.
Azərbaycan mədəniyyətinin böyük və görkəmli xadimləri sayəsində bu gün ölkəmiz bəşəriyyətin mədəni liderlərindən birinə çevrilib. Azərbaycan musiqisi, onun təsviri sənəti, nadir qədim muğamı minlərlə avropalını bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə, fəlsəfi məzmununun dərinliyi ilə fəth edir. Azərbaycan muğamının dirçəldilməsi, onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə, bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycan qədim və zəngin tarixə malik ölkə olmaqla yanaşı, Şərqdə ilk baletin, operanın yaradıcısı kimi də müasir dünyanın diqqətinə çatdırılır. O da təbliğ olunur ki, Azərbaycanda müxtəlif mədəniyyətlər, millətlər sülh şəraitində vahid bir ailə kimi yaşayır və tolerant ölkədir. Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir.
Bu günlərdə Azərbaycan Prezidentinin imzaladığı Sərəncamı ilə ölkəmiz daha bir beynəlxalq miqyaslı tədbirə ev sahibliyi edəcək. Belə ki, ölkə başçısının Sərəncamı ilə V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu Bakı şəhərində keçiriləcək. Böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında özünəməxsus yer tutan xalçaçılıq sənəti, Sərəncamda qeyd olunduğu kimi, milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.
Beynəlxalq tədbirə gələcək hər bir ölkənin nümayəndəsi, həqiqətən də, Azərbaycanın xalça sənətinin beşiyi olduğunu görə biləcəklər. Şəhərimizin mərkəzində, bulvarda Azərbaycan üçün çox böyük dəyər kəsb edən Xalça Muzeyi tariximizdən soraq verən xalça sənətinə olan dövlətin diqqətinin bariz nümunəsidir. Xalqın milli mədəniyyəti tarixində müstəsna yer qazanan xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə tək qəbul olunur. Azərbaycan xalça sənətinin kökü, mənbəyi çox qədimlərdən bəri bir sənət və dəyər əfsanəsinə çevrilib. Gəmiqayadan, Qobustandan, Kür-Araz mədəniyyətindən qaynaqlanan xalça sənətində rəmzlər dünyası yaşayır. Bu sənətin dünya mədəni irsində yer alması Azərbaycan xalçasının bir uğuru, nailiyyəti kimi əks-səda doğurur.
Azərbaycan xalçasını dünyada xalçaçılıq sənətinin etalonu kimi dəyərləndirən Prezident İlham Əliyev çıxışlarını birində bizim xalçalarımızın dünyanın ən məşhur muzeylərində nümayiş etdirildiyini də diqqətə çəkib:"Mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax, bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni bu gün Azərbaycan xalçası dünyada, məhz Azərbaycan xalçası kimi tanınır".
Bu gün Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeylərini bəzəyir.
Azərbaycan xalçasının ənənələrini qorumaq ümumxalq işidir. Bildiyimiz kimi, müasir həyatımızda Azərbaycan xalçasına qarşı güclü təbliğat aparılır. Belə ki, ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması bir adətə çevrilmişdir. Azərbaycanın vizit kartına çevrilən dəyərləri öz adlarına çıxaraq dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədilə ermənilərə məxsus olduqlarının göstərməyə çalışırlar.
Bu cür istehsalımız olan və bütövlükdə, dünyamızı özündə əks etdirən xalçamız Azərbaycanın məxsusi dəyərlərini tarixin özündə cəmləşdirir. Belə bir milli sərvət - Azərbaycan xalçaları dünyada lazımi səviyyədə təqdim olunur. Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının YUNESKO tərəfindən dünyanın şah əsərləri sırasına daxil edilməsindən sonra xalçaçılıq sənətinin də bu sırada yer alması elə bu sənət növünün yüksəkdə olduğuna dəlalət edir. Milli dəyərlərimizin təbliği istiqamətində müvafiq konseptual proqram və layihələrin həyata keçirilməsi irsimizə olan diqqəti daha da artırıb.
Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri, mədəniyyət nümunələridir. Belə dəyərləri özündə ehtiva edən xalq qapısını dünyaya açır və sivilizasiyaların qovuşduğu məkan olaraq təbliğ etdiyi zəngin irsi ilə kimliyi və tarixi haqqında geniş təsəvvür yaradır.
Nəzakət ƏLƏDDİNQIZI