Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Azərbaycan tolerantlıq nümunəsidir" mövzusunda tədbir keçirilib.
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi tədbir iştirakçılarını salamlayaraq Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibət, şahidi olduğu tolerant mühitdən bəhs edib: "Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə multikultural ənənələrə sadiqliyini nümayiş etdirib."
Bilik Fondunun Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən bəhs edən icraçı direktor Oktay Səmədov tolerantlığımızın həm də ölkəmizin ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı olduğunu diqqətə çatdırıb.
Akademik Vasim Məmmədəliyev dünyada yayılmış bütün dinlərin nümayəndələrinin Azərbaycanda yaşadığını bildirərək ölkəmizdə onların hər birinə hörmətlə yanaşıldığını bildirib: "Azərbaycan xalqının xəmiri qonşularına məhəbbətlə, başqa xalqlara və başqa dinlərin nümayəndələrinə hörmətlə yoğrulub. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycanın multikultural ənənələrinin nümunə olduğunu etiraf edir".
Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov tolerantlıq ənənələrini azərbaycançılıq ideologiyasının əsas dayağı kimi dəyərləndirib. Bildirib ki, sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir.
Gənclər adından çıxış edən Gülnar Xəlilova Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılmasında tolerantlığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində yaşıdları qarşısında duran vəzifələrdən söz açıb.
Tədbir iştirakçıları "Azərbaycan tolerantlıq nümunəsidir" adlı sənədli filmi izləyiblər.
NƏZAKƏT