Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə "Ölkəmizi tanıyaq" tur-aksiyaları təşkil olunur. Bu məqsədlə dünən Suraxanı məktəblilərinin Gəncə şəhərinə təntənəli yolasalma mərasimi olub.
Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Məktəblilərin yolasalınma mərasimində çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışında gənclərlə görüşündə qeyd edib ki, "....çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da, Azərbaycan gözəl ölkədir". Dövlətimizin başçısının bu tövsiyəsinə əsasən, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb: "Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezidentimiz İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir. Bu aksiya çərçivəsində Suraxanı gəncləri Gəncə, Şəmkir və Göygöldə olacaqlar.
Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib. Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşüblər.
ZÜMRÜD