Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən Birinci Türkoloji Qurultayın 90 illik yubiley tədbirləri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu türkoloq, alimlərin iştirakı ilə AMEA Rəyasət Heyətinin orqanı olan "Türkologiya"" jurnalının redaksiyasında jurnalın baş redaktoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk seminar keçirilib. İlk seminar-məşğələ akademik Kamal Abdullanın moderatorluğu ilə baş tutub.
Tədbirdə akademik K.Abdulla çıxış edərək bildirib ki, seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir.
İstanbul Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Osman Fikri Sərtqaya görkəmli türkoloq-alimlər Əhməd Cəfəroğlu və Məhərrəm Erginlə olan tanışlıq tarixçəsini, türkologiya sahəsinin böyük biliciləri ilə bağlı xatirələrini seminar iştirakçıları ilə bölüşüb.
Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfransın yüksək səviyyədə təşkil edildiyini söyləyib.
Türkoloq-alim Ayşəgül Sərtqaya araşdırma mövzusu olan uyğur əlifbası, dili və ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə Qazi Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Əhməd Bican Ercilasun, 9 Eylül Universitetinin müəllimi Gülmira Kuruoğlu, professor Fikrət Türkmən və başqaları türkologiya sahəsində toplanmış bilik və təcrübənin gələcək nəslə ötürülməsi baxımından seminarın təşkilini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, növbəti seminarın mövzusu Əhməd Bican Ercilasunun "Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi" kitabının müzakirəsinə həsr olunacaq.
Seminarın sonunda türkoloq-alimlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
NƏZAKƏT