Dünən YAP Şamaxı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə tədbir keçirib. Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq, partiyanın yaranma zəruriətindən danışıb: "Yeni Azərbaycan Partiyası zamanın istəyi, millətin işıqlı gələcəyi naminə yaranmışdır. 1992-ci ilin 21 noyabr Azərbaycan tarixində yeni bir dönüş nöqtəsidir. 1992-ci il noyabr ayının 21-də Azərbaycanın müxtəlif regionlarından Naxçıvana gəlmiş 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib və Ümummilli Lider Heydər Əliyev Partiyanın Sədri seçilib. Bununla da Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyası adında xalqa xidmət etmək məqsədilə əzəmətli bir partiya yaranıb. Partiyanın yaradıcısı Ulu Öndər parlaq siyasi zəkası və bacarığı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir".
Təşkilat sədri Yeni Azərbaycan Partiyasının yarandığı gündən Azərbaycanı vahid ideologiya ətrafında birləşdirdiyini bildirərək partiya məfkurəsinin əsasını dövlətçilik, qanunçuluq, azərbaycançılıq, sosial ədalət prinsipləri təşkil etdiyini diqqətə çəkib. Qeyd edib ki, YAP-ı daima nailiyyətlər müşayiət edib:"YAP taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır. Bu uğurlar, sadəcə, bir təşkilatın əldə etdiyi uğurlar deyil, eyni zamanda Azərbaycan xalqının, dövlətinin əldə etdiyi uğurlardır".
Rayon təşkilat sədri bu gün Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə tarix müəllimi Cavid İslamov, Şamaxı ağsaqqallar şurasının sədri Mayıl Alcanov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyalarından bəhrələnərək böyük inkişaf yolu keçib: "Bu gün ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider Partiyadır. Vətəndaş cəmiyyətinin formalaşmasına, milli ideologiyamıza və onun inkişafına xadmət edir".
ZÜMRÜD