Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü tədbirlər planına əsasən yığıncaq keçirilib.
Toplantıdan öncə iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət ediblər və abidə önünə gül-çiçək dəstələri düzülüblər.
YAP Xaçmaz rayon təşkilatında davam edən tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
Yığıncağı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri N.Ağayev açaraq, "Yeni Azərbaycan Partiyası - 24" məruzəsi ilə çıxış edib və bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi: "1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması, demək olar ki, Azərbaycanın inkişafı üçün çox önəmli addım idi. Ulu Öndər Heydər Əliyevin siyasi nüfuzu xalq arasındakı böyük hörməti o vaxt hakimiyyətdə olanları çox narahat edirdi. Yeni Azərbaycan Partiyası yarananda müxalifət kimi yaransa da, heç vaxt Azərbaycan dövlətinə müxalifətdə olmayıb. Məhz demokratik dəyərlərə cavab verərək, hakimiyyətə xalqın dəstəyi ilə gəlib. Partiyanın 24 il ərzində fəaliyyətinə nəzər salaraq partiyanın inkişaf yolundan da görürük ki, YAP artıq ümumxalq partiyasına çevrilmiş qüdrətli siyasi təşkilatdır".
Rayon icra hakimiyyətinin başçısı YAP Xaçmaz rayon təşkilatı idarə heyətinin üzvü, təsis konfransının iştirakçısı Şəmsəddin Xanbabayev çıxış edərək, partiyanın yaranma tarixindən və inkişaf yolundan danışıb.
Sonra çıxış edənlər -Milli Məclisin deputatları İlham Əliyev, Eldəniz Səlimov, partiyanın ölkəmizin inkişafındakı rolundan, ölkənin ictimai-siyasi həyatındakı rolu barədə fikirlərini bildiriblər.
YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva partiyanın fəaliyyətindəki qadınların rolundan, YAP Xaçmaz rayon təşkilatı gənclər birliyinin üzvü Amil Rəhimov partiyadakı gənclərin rolundan, şair Telman Təravət, YAP Xaçmaz rayon təşkilatının rayon təhsil şöbəsi ilə Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar həyata keçirdiyi "Ən yaxşı təqdimat" layihəsinin qalibi Pərvanə Seydəliyeva və başqaları çıxış ediblər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir sıra gənclərə partiya vəsiqələri təqdim edilib.
Rəfiqə HÜSEYNOVA