Dünən Bakı Slavyan Universitetində "Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri" mövzusunda Respublika Elmi-Praktik Konfransın açılışı olub. BSU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə, BSU-nun 70 illik yubileyinə və 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Multikulturalizm ili" elan olunmasına həsr edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsində elm və təhsilin xüsusi rolu olduğunu vurğulayıb.
N.Əliyeva Azərbaycanın dünya ölkələri ilə daim dostluq, qardaşlıq münasibətində olmasını Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. BSU-da hökm sürən tolerant mühitin universitetin beynəlxalq əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor "Multikulturalizm ili" çərçivəsində keçirilən konfransın işinə uğurlar arzulayıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Prorektor gənclərimizin elm və təhsilə cəlb olunmasını dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Sonra BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Mahmudova elmi-praktik konfrans barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, konfransda respublikanın 11 ali məktəbi və 4 orta ümumitəhsil müəssisəsini təmsil edən 211 tələbə, magistrant və şagird iştirak edir.
Tədbirin davamında BSU-nun magistrantı Rüfət Həşimov, Azərbaycan Dillər Universitetinin tələbəsi Leyla Nəcəfova və Bakı Avropa Liseyinin şagirdi Leyla Hənifəyevanın çıxışları dinlənilib.
Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən şagird, tələbə və magistrantlara konfransın sonunda rektor, professor Nurlana Əliyeva tərəfindən sertifikat təqdim edilib.
ZÜMRÜD