Noyabrın 16-da Cəlilabad rayonununda Beynəlxalq Tolerantlıq Günü münasibətilə geniş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Cəlilabad rayonu icra hakimiyyəti tərəfindən təşkil edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri açaraq Tolerantlıq Günü münasibətilə iştirakçıları təbrik etmiş və Bakıdan gələn Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun məruzəçilərini - S.Hüseynov və Ş.Zeynalovu iclas iştirakçılarına təqdim etmişdir.
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov "Azərbaycan tolerantlıq məkanıdır" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə S.Hüseynov Azərbaycanda tolerantlıq dəyərlərinin formalaşmasını şərh etmiş, ölkəmizin ərazisində tarixən dini və etnik ayrıseçkiliyin olmamasını, həmişə tolerant birgəyaşayış şəraitinin mövcud olduğunu tarixi faktlarla şərh etmişdir.
Tədbirdə ikinci mühazirəçi kimi AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Şölət Zeynalov "Mədəniyyətlərarası və dinlərarası dialoq" mövzusunda çıxış etmişdir. Bu məruzə də iştirakçılar tərəfindən maraqla qarşılanmış və mövzu ilə bağlı məruzəçiyə suallar verilmişdir.
Tədbirin sonunda işştirakçılardan bəziləri Azərbaycanda mövcud olan multikultural və tolerantlıq dəyərləri haqqında öz fikirlərini bildirmiş və möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə apardığı böyük işlərdən danışmış, eyni zamanda mühazirəçilərə öz minnətdarlıqlarını bildirmişdilər.
Tədbirdə təxminən 450 nəfər iştirak etmişdir.
Samir