YAP Tərtər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibəti ilə tədbir keçirib.
Tədbir iştirakçıları rayonun mərkəzi meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra tədbir rayon təşkilatı qərargahının iclas zalında davam etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov YAP-ın yaradılmasının 24-cü ildönümü ilə əlaqədar geniş məruzə ilə çıxış edərək, partiyanın keçdiyi dövrə nəzər salıb: "Fəxrlə demək olar ki, Yeni Azərbaycan Partiyası 24 illik bir dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, ən qabaqcıl siyasi rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görmüşdür".
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salıb. Ümummilli Liderin əsasını qoyduğu siyasətin bu gün Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, rayon uşaq xəstəxanasının tibb bacısı Çinarə Əzizbəyli qeyd ediblər ki, bütün zamanlarda ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə etmişdir.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri və Fəxri Fərmanlar təqdim olundu.
ZÜMRÜD