PDF Oxu

Sosial

  • 17 845

Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin test mərhələsinə başlanılıb

image

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 oktyabr 2016-cı il tarixdə elan edilmiş müsabiqənin test mərhələsinin keçirilməsinə başlanılıb. Dövlət statistika orqanlarında müsabiqəyə çıxarılan 74 vakant vəzifənin tutulması üçün 192 namizəd sənəd təqdim edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki, qrafikə uyğun olaraq test imtahanları 18 noyabr 2016-cı il tarixdən keçirilməyə başlanılıb. İmtahan başlanmazdan əvvəl, namizədlər slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında ətraflı məlumatlandırılıblar. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilib. İmtahanlarda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İmtahan komissiyanın Test Mərkəzində elektron formada keçirilib.

Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib. Test imtahanları 22 noyabr 2016-cı il tarixədək davam edəcək.

Digər xəbərlər