Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən ay işaxtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 230 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 48 nəfər müvafiq peşə kurslarına, 16 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. İşlə təmin edilənlərdən 10-u məhdud fiziki imkanlı, 8-i hərbi xidmətdən yeni tərxis olunan, 12-si isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Naxçıvan Regional Peşə-Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq, müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Qazanxana maşinisti, bərbər-manikürçü, bərbər və dərzi peşələri üzrə kursları 81 nəfər bitirmişdir. Hazırda bərbər, dayə, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində bərbər peşələri üzrə kurslar davam edir. Həmçinin, qazanxana maşinisti peşəsi üzrə yeni kurslara başlanıb.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili və müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Təlimlərə, ümumilikdə, 127 uşaq cəlb olunmuşdur. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda isə sağlamlıq imkanları məhdud 39 şəxsin 57 rəsm və 149 əl işi nümayiş etdirilmişdir.