Muxtar respublikanın təhsil naziri bəzi təhsil şöbələrini və məktəbləri ciddi tənqid edib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Məktəblərdə xarici dillərin tədrisi vəziyyətinin yaxşılaşdırılması" mövzusunda konfrans keçirilib. Konfransda xarici dilləri tədris edən müəllimlər iştirak ediblər. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq, "Məktəblərdə xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, gənclərin hərtərəfli inkişafı üçün ən mühüm şərtlərdən biri sayılan xarici dillərin öyrənilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində hər cür şərait yaradılıb: " Hər il keçirilən təhsil yarmarkasına üz tutan gənc kadrlar içərisində xarici dil müəllimlərinin sayı artmaqdadır. Bu il sentyabr ayının 16-da keçirilən təhsil yarmarkasında 37-si ingilis, 8-i fransız, 1-i isə rus dili müəllimi olmaqla, ümumilikdə, 46 nəfər göndəriş alaraq ümumtəhsil məktəblərində fəaliyyətə başlayıb. Muxtar respublikanın 146 ümumtəhsil məktəbində ingilis, 23 məktəbində rus, 8 məktəbində fransız, 2 məktəbində alman, 20 məktəbində ingilis və rus, 2 məktəbində ingilis və fransız, 2 məktəbində ingilis və alman, 3 məktəbində fransız və rus, 1 məktəbində alman və rus, 4 məktəbində ingilis, fransız və rus, 2 məktəbində isə ingilis, alman və rus dilləri tədris olunur. Naxçıvan şəhərində 1 rusdilli məktəb fəaliyyət göstərir. İxtisaslı müəllim kadrı olmadığından 3 ümumtəhsil məktəbində xarici dillər tədris olunmur."
M.Qəribov aparılan təhlillərə əsasən bildirib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan xarici dil müəllimlərimizlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən, şagirdlərin bu fənn üzrə minimum bilik səviyyəsinə malik olmasına diqqət yetirməyən müəllimlərimiz də vardır. Belə ki, XI siniflər üzrə buraxılış imtahanlarında məzun sayına nəzərən Şərur, Babək, Ordubad və Kəngərli rayonlarının məzunları xarici dil fənlərindən daha aşağı nəticə göstəriblər. Bu isə həmin rayonlarda xarici dil fənninin tədrisi səviyyəsinin aşağı olduğunu göstərir. Buraxılış imtahanlarında zəif nəticə göstərən, şagirdləri xarici dil fənnindən qeyri-kafi qiymət alan ümumtəhsil məktəblərinin rəhbərləri, fənn müəllimləri, eləcə də müvafiq rayon (şəhər) təhsil şöbələri bu faktdan ciddi nəticə çıxarmalı, 2016-2017-ci tədris ilində mövcud nöqsanların təkrarlanmaması üçün mümkün əməli tədbirləri həyata keçirməli və fənn metodkabinələri müəllimlərə lazımi metodik köməkliklər göstərməlidirlər.
Bildirilib ki, orta məktəblərdə ibtidai sinifdən başlayaraq xarici dillər tədris olunur və bunun üçün kifayət qədər vaxt ayrılır: "Dərsdə iştirak edən hər bir şagird verilən bilikdən fərdi qavrama qabiliyyəti, mühakiməsi, bacarığına görə yararlana bilir, yəni bütün şagirdlər biliyi eyni dərəcədə mənimsəyə bilmir. Mövzunun mənimsənilməsində, tədrisin keyfiyyətinin yüksəldilməsində xarici dil müəlliminin qabaqcıl iş təcrübəsi, metodik ustalığı, həm nəzəri, həm də praktik biliyini şagirdlərə aşılamaq bacarığı mühüm əhəmiyyətə malikdir."
Sonra Təhsil Nazirliyinin sektor müdiri Elşən Qəbulovun "Xarici dil məktəblilərin həyatında inkişafa doğru ən güclü vasitədir", Ordubad rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Elşən Babayevin "Ordubad rayon ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi vəziyyəti", Naxçıvan Qızlar Liseyinin müəllimi Rəxşəndə Rüstəmovanın "İngilis dili fənninin tədrisini günün tələbinə necə uyğunlaşdıra bilərik?", Şərur rayon Zeyvə kənd tam orta məktəbinin müəllimi Fərmayıl Əsgərovun "Rus dili fənninin kurikulum sistemi ilə tədris edilməsi" mövzularında çıxışları olub.
Samir