PDF Oxu

Sosial

  • 680

Derya Örs: "Mən qardaş ölkənin vətəndaşı kimi Naxçıvanın bu səviyyəyə yüksəlməsindən qürur duyuram"

Derya Örs: "Mən qardaş ölkənin vətəndaşı kimi Naxçıvanın bu səviyyəyə yüksəlməsindən qürur duyuram"

Noyabrın 17-18-də Naxçıvan Dövlət Universitetində keçirilən "Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda" adlı ikigünlük beynəlxalq elmi simpoziumun təşkilatçılarından biri də Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumudur. Qurumun rəhbəri Derya Örs müsahibəsində mötəbər elmi tədbirin əhəmiyyəti barədə danışıb.

Derya Örs bildirib ki, Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq elmi simpoziumun təşkilatçıları sırasında bizim qurumumuza bağlı Atatürk Araşdırma Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti və İqdır Universiteti də yer alıb. Simpoziumun açılış mərasimində, o cümlədən keçirilən bölmə iclaslarında Mərkəzi Araz hövzəsində yerləşən Naxçıvanın qədim tarixi, burada formalaşan qədim mədəniyyət barədə çox qiymətli elmi faktlar, elmi mülahizələr səsləndirildi, əhəmiyyətli tədqiqatların nəticələri iştirakçılara təqdim olundu.

Bildiyiniz kimi, Türk dünyası çox geniş coğrafiyanı, mədəniyyətləri əhatə edir. Çünki türk milləti Yer kürəsinin ən böyük millətlərindən biridir. Türk millətinin dünya tarixində çox əhəmiyyətli bir yeri var. Türk dünyasının göz bəbəyi olan Naxçıvan da bu baxımdan bəşəriyyətin, insanlığın əldə etdiyi ilkin mədəniyyət ocağı, qədim türk torpağı kimi çox böyük önəmə malikdir. Tarixən bu diyarda formalaşan böyük mədəniyyət Naxçıvanla bərabər, Şərqi Anadolunu da əhatə edib.

D.Örs müsahibədə qeyd edib ki, gələn il Naxçıvan Dövlət Universitetində Türk Dil Qurumunun da iştirakı ilə Azərbaycan və Türkiyə türkcələrinə həsr olunmuş elmi konfrans keçirmək niyyətindəyik. Həmin konfransda türkcənin bu iki gözəl ləhcəsinin keçmişi və bu günü, eyni zamanda ortaq ləhcənin formalaşdırılması barədə müzakirələr aparacağıq: "Mən ilk dəfədir, Naxçıvana gəlirəm. Bundan 25 il öncə blokadaya düşən Naxçıvanda bir sıra ciddi problemlər yaşanıb. Amma bu gün gördüklərim tamam başqa bir mənzərəni əks etdirir. Bu günün Naxçıvanı çox gözəldir, təhlükəsizdir. Naxçıvan sürətlə inkişaf edir. Burada çox gözəl infrastruktur yaradılıb. Kəndlər və şəhərlər abadlaşdırılıb. Ətraf mühit qorunur. Naxçıvan şəhərində müasir binalar inşa olunub. Elm ocaqlarında hər cür şərait yaradılıb. Naxçıvan Dövlət Universitetinin timsalında biz bunu daha aydın görürük."

Digər xəbərlər