YAP Yevlax rayon təşkilatı partiyanın 24-cü ildönümünü qeyd edib
Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibəti ilə "YAP 24 il uğurla" başlıqlı YAP Yevlax rayon təşkilatında tədbir keçirib.
Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi qarşısına gül dəstələri düzüblər. YAP Yevlax rayon təşkilatının inzibati binasında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP-ın 24 ilinin heç də asan keçmədiyini bildirib: "Tarixə nəzər salarkən, bu 24 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib".
Ə.Quliyev partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını vurğulayıb. Ən başlıcası bu partiya Ulu Öndər Heydər Əliyevin ideyalarının ətrafında yaranmışdı.
Tədbirdə YAP Yevlax rayon təşkilatının idarə heyətinin üzvü Yevlax şəhər icra hakimiyyəti başçısının 1-ci müvini Qənimət Qaraşov, rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının sədr müavinləri Vahid Quliyev, Zərifə Məmmədova və digərləri çıxış edərək partiyanın 23 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildiriblər.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, YAP-ın yaranmasının 24 illiyi münasibəti ilə bir qrup partiya fəalına isə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
R.HÜSEYNOVA