"Hakim partiya dövlətin inkişaf mərhələsində əvəzsiz töhfələrini verməkdə davam edir"
Noyabrın 21-də yaranmasının 24-cü ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada, YAP-ın növbəti ildönümü təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ölkəmizin hər bir guşəsində təntənəli surətdə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Azərbaycanın son illərdə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən, YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır.
YAP-a Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN Sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi
Təsadüfi deyildi ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün kostitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Dahi Öndər Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi Onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC hakimiyyətinin Ümummilli Liderin Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və nizamnaməsini qəbul etdi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı aksiom idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN Sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya Onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi.
Sabitlik və inkişafın ideoloji istinadgahları
YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-a Cənab İlham Əliyev kimi güclü siyasi Liderin rəhbərlik etməsi partiyanın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir və YAP-ın siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya Onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərir. Partiyanın qarşıya qoyduğu məqsədlər bütün dövrlərdə zamanla səsləşdiyindən, ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olur. Hakim partiya, məhz ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyə nail olmuşdur. Ölkənin, xüsusən də, son illər əldə etdiyi böyük uğurlar YAP kimi nüfuzlu partiyanın hakimiyyət Olimpində qalması və daha da möhkəmlənməsi yolunda bütün siyasi baryerləri aradan qaldırır. YAP-ın 24 ildəki ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən ümummilli siyasət yürütməsidir. Partiyanın qənaətincə, hüquqi dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq, hamı üçün yaradılan şəraitdən, qanun və imkanlar qarşısındakı bərabərlikdən məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik ölkələrdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir.
Bu, özünü bütün seçkilərdə də göstərib. Partiya istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində daim öndə olub, tarixə qələbə və zəfərlər partiyası kimi düşüb. Biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası ətrafında daha da sıx biləşərək, irəliyə doğru inamla addımlayırıq!
DİLARƏ CƏBRAYILOVA,
Milli Məclisin deputatı