Noyabrın 18-də Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Cavid nəslinin dəfn olunduğu məqbərəni ziyarət etmiş və üzərinə gül dəstələri qoymuşlar.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Aparatının şöbə müdiri Həsən Kərimov giriş sözü ilə açaraq, bildirmişdir ki, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi ölkəmizdə sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərmişdir. Məhz Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ilin 21 iyulunda "Hüseyn Cavidin 100 illiyi haqqında" qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilmiş, sənətkara münasibət köklü şəkildə dəyişmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq Hüseyn Cavid irsi geniş tədqiq olunmağa başlamış, əsərləri kütləvi tirajla nəşr olunmuş, pyesləri teatrlarda səhnəyə qoyulmuş, xatirəsini əbədiləşdirmək üçün mühüm işlər həyata keçirilmişdir".
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundov "Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin fəaliyyəti" mövzusunda çıxış edərək bildirmişdir ki, muzeyin rəsmi açılışı 1984-cü il iyun ayının 9-da olmuşdur. Muzeyin rəsmi açılışı əsl ədəbi-mədəni hadisəyə çevrilmişdir. Azərbaycanın xalq yazıçıları Mirzə İbrahimov, Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas, tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, həmçinin Özbəkistanın xalq yazıçısı Səid Əhməd, Litva yazıçısı Pronas Raşşyus və başqaları muzeyin açılış mərasimində iştirak etmişlər. O zaman muzeyin ekspozisiyası mərhum teatrşünas Tamilla Təhmasib tərəfindən hazırlanmışdır. Muzeyin yaradılması zamanı şairin qızı, Azərbaycan Teatr Muzeyinin direktoru Turan Cavidin bu sahədəki zəhməti də xüsusi qeyd edilməlidir. Turan xanımın muzeyin qurulmasında və tərtibatında verdiyi dəyərli məsləhətlər nəzərə alınmışdır.
Bəhruz Axundov çıxışının sonunda bildirmişdir ki, həmişə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısını görmüşük". "Muzeydə aparılan əsaslı təmir və bərpa işləri bu diqqət və qayğının ifadəsidir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. Muzeyin yaxınlığındakı Xatirə Kompleksində Cavidlər nəsli uyuyur".
Azərbaycan Respublikasının əməkdar elm xadimi, filalogiya üzrə elmlər doktoru Hüseyn Həşimli "Hüseyn Cavid irsinin tədqiqi və təbliğində Hüseyn Cavidin Ev Muzeyinin rolu" mövzusunda çıxışında bildirmişdir ki, bu illər ərzində muzey böyük şairin irsinin təbliği baxımından mühüm işlər görmüşdür. Muzeydə, demək olar ki, böyük sənətkarla bağlı bütün kitablar, fotoşəkillər, teatr afişaları mühafizə olunub, saxlanılır. Bu gün muzeydə nümayiş etdirilən eksponatlar elmi-dəyəri ilə Cavid irsini öyrənmək baxımından çox qiymətlidir.
Tədbirdə ziyalılardan yazıçı Əbülfəz Əsgərli, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov, Bakıdakı "Turan Cavid" Qadınlar Mərkəzinin sədri Sevda Cəfərova, rəssam Qəhrəman Tağıyev, ziyalı Südabə Süleymanova və başqaları çıxış edərək, ürək sözlərini demiş və muzeyin kollektivini təbrik etmişdir.
Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, xalq artisti Həsən Ağasoy və aktrisalar Nurbəniz Niftəliyeva, Şölə Novruzbəylinin ifasında Hüseyn Cavid əsərlərindən hazırlanmış kompozisiya göstərilmiş və muzeyin fəaliyyətində fərqlənən bir qrup əməkdaş diplom və fəxri fərmanlarla təltif edilmişdir.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olmuşdur.
Əli Rzayev
Qeyd: Muzeydən fotolar verilsin?