"Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Bakının Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdləri Salyan məktəblilərinin qonağı olublar. Rayon icra hakimiyyəti və Təhsil Şöbəsinin rəhbər işçiləri, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri qonaqları böyük sevinclə qarşılayıblar. Əvvəlcə hər iki məktəbin müəllim və şagird kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra layihə iştirakçıları Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüblər. İcra başçısı Bilik Fondunun maarifçilik sahəsində fəaliyyətini yaxından izlədiyini və çox bəyəndiyini deyib, həmçinin, "Qardaşlaşmış məktəblər" layihəsinin gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında böyük rol oynadığını vurğulayıb.
Sonra şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə suraxanılı məktəblilərlə salyanlı yaşıdları arasında "Qardaşlaşma sazişi" imzalanıb. "Bilik yarışında" iştirak edən şagirdlərə fondun hədiyyələri təqdim olunub.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası, Cümə Məscidi və Tarix-Diyarşünaslıq Muzeyində olublar, Salyan şəhərini Babazənən yaşayış massivinə birləşdirən körpü, "Salyan-Pambıq" ASC, Olimpiya İdman Kompleksi və Şirvan Milli Parkı ilə ilə tanış olublar. Salyan şəhər 7 nömrəli Texniki Fənlər Təmayüllü Məktəb-Liseyin direktoru Arzu Daşpoladova belə layihələrin məktəblilərin inkişafında müstəsna rolu olduğunu deyib: "Şagirdlərin dostluğu onların dünyagörüşünün genişlənməsinə, ünsiyyət mədəniyyətinin yüksəlməsinə vasitə olur.
Salyan məktəblisi Elmir Əhmədov təhsil aldığı orta məktəbin "Qardaşlaşmış məktəblər" layihəsinə qatılmasını uğurlu addım kimi qiymətləndirib.
Suraxanı məktəbinin direktoru Elmira İsmayılova Salyan ictimaiyyətinin, həmçinin, şagirdlərin isti münasibətindən və səmimi qarşılanmadan məmnunluğunu ifadə edib.
Suraxanı məktəblisi Təranə Səmədova da layihəyə böyük həvəslə qatıldığını deyib: "Eşidəndə ki, bizim məktəb də "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulur, çox sevindim. Çünki bu layihə barədə əvvəlcədən də xəbərim vardı".
Layihə çərçivəsində artıq paytaxtda və rayonlarda olan 50-dək məktəb Qardaşlaşma Sazişi imzalayıb. Azərbaycanın bütün bölgələri, Türkiyə və Rusiya məktəbləri də layihəyə cəlb olunub.
Samir