Dünən Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi və Misirin "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni Azərbaycan Milli Kitabxanasında olublar.
Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. Görüşdə hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi bildirilib.
Misir Milli Kitabxanası və İskəndəriyyə Kitabxanası ilə əlaqələrindən danışan direktor hər iki kitabxana ilə qarşılıqlı kitab mübadiləsi aparıldığını söyləyərək, Misir Mədəniyyət Mərkəzi ilə birgə layihələrdən danışıb.
Qonaq bütün ərəb dünyasına yayılan, baş redaktoru olduğu "Ədəbiyyat xəbərləri" qəzeti haqqında qısa məlumat verdikdən sonra Azərbaycan Milli Kitabxanasını əməkdaşlığa dəvət edərək, kitabxana haqqında materialları qəzetə göndərməyi tövsiyyə edib.
Qonaqları kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onları həm də kitabxananın yeni layihəsi olan "Açıq kitabxana" ilə tanış edib.
Baş redaktor "Açıq kitabxana"da "Xatirə kitabı"na ürək sözlərini yazıb. Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Bakı haqqında məlumat kitabı, "Azərbaycan xalçaları dünya kolleksiyalarında" (Azərbaycan və ingilis dillərində) və "Azərbaycan mətbəxi" (ingilis dilində) kitabları qonağa hədiyyə verilib.
Qonaqların sualları ətraflı cavablandırılıb.
ZÜMRÜD