Dünən AMEA-nın Yüksək Texnologiyalar Parkında Akademiyanın Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın ölkə Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixdə imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması" haqqında Sərəncamın icrasına dair məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
Akademik A.Əlizadə YTP-nın AMEA-nın bugünkü inkişafı və gələcək fəaliyyəti üçün yaratdığı imkanlardan söz açıb. O, sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi və hər bir alimin bu prosesdə fəal iştirakının birbaşa Azərbaycan elminin inkişafına xidmət etdiyini vurğulayıb.
Sonra AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev çıxış edərək, Təcrübə-Sənaye Zavodunun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib: "Zavod 1974-cü ildə fəaliyyətə başlayıb. Müasir dövrdə burada istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması üçün konkret addımlar atılır. Bir sıra yerli və xarici müəssisə və təşkilatlarla müqavilələr imzalanır".
AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək, "AMEA-da innovasiya və elmin kommersiyalaşdırılması fəaliyyəti" mövzusunda təqdimatla çıxış etdi. AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılmasını Azərbaycan elmi, o cümlədən, akademiyanın fəaliyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
Daha sonra AMEA Rəyasət Heyəti aparatının Müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyev çıxış edərək, AMEA-da patent sahəsində mövcud vəziyyət və problemlərdən söz açıb. Bildirib ki, hazırda akademiyada qüvvədə olan 381 patent mövcuddur ki, onların da əksəriyyəti Kimya Elmləri Bölməsinə aiddir.
Tədbirdə, həmçinin, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və başqaları çıxış edərək, müzakirə olunan məsələlərin Yüksək Texnologiyalar Parkının istismarı ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsinə mühüm töhfə olduğunu qeyd ediblər və bir sıra təkliflər səsləndiriblər.
NƏZAKƏT