DQİDK tərəfindən 10 dini icmaya maliyyə yardımı ayrıldı
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Dövlət Komitəsindən daxil olan xəbərə görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Səyyad Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq islam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb.
Səyyad Salahlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib və bu sahədə dini icmaları daha fəal olmağa çağırıb.
Maliyyə vəsaiti ayrılan Tərtər rayonu "Cümə" məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi "İmam Rza" məscidi dini icması, Hacıqabul rayonu Qubalıbalaoğlan kənd məscidi dini icması, Abşeron rayonu Saray qəsəbəsi "Cümə" məscidi dini icması, Qazax rayonu Çaylı kəndi "Səxavət" məscidi dini icması, Qax şəhər məscidi dini icması, Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı" məscidi dini icması, Bərdə şəhəri "İmamzadə" məscidi dini icması və Şəki rayonu Cunud kənd məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə keçirəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.
R.NURƏDDİNOĞLU