Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Komitədən "SƏS"ə daxil olan məlumata görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbulda 18 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər, əsasən, dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub. Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rövşən NURƏDDİNOĞLU