PDF Oxu

Sosial

  • 494

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olundu

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olundu

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə noyabrın 19-da İstanbulda işə başlayan NATO Parlament Assambleyasının 62-ci sessiyasında üç gün qızğın müzakirələr aparılıb. Sessiyada bir daha Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olundu. Deputatlarımız birbaşa mühakimələr və yaxud diplomatik eşitdirmələrlə beynəlxalq aləmdəki ikili standartların davam etdiyini, bu ayrı-seçkilik siyasətinin yaratdığı və ortaya çıxaracağı yeni-yeni bəlaları parlamentarilərin diqqətinə çatdırdılar. Bu barədə az sonra.

Xatırladaq ki, Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxil olmuşdur.

Assambleyanın siyasət, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizliyin mülki sahələri, elm və texnologiyalar komitələrində aparılan müzakirələr, sözün əsl mənasında, siyasi duel mənzərəsini xatırladırdı. Komitələrdə aparılan müzakirələr "Terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi", "NATO və hərbi-dəniz qüvvələrinin gələcəyi", "Hücumların qarşısının alınmasında NATO-nun yeni vəzifələri", "Transatlantik təhlükəsizliyə büdcə təsirlərindən doğan yeni çağırışlar", "İŞİD-ə qarşı beynəlxalq hərbi kampaniyalar", "NATO-nun qətiyyətli dəstək missiyası", "Əfqanıstanda NATO-nun qətiyyətli dəstək missiyası", "Kimyəvi, bioloji, radioloji və nüvə terrorçuluğu" və s. mövzuları əhatə edirdi. Ümumiyyətlə, müzakirələrdə müasir dövrün ən aktual problemlərinə toxunuldu, qurumun yaz sessiyasında müzakirə olunmuş məsələlərə bir daha diqqət yetirildi. O cümlədən, terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparıldı.

Sessiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvəlırin Baş Qərərgah rəisi, ordu generalı Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, elm, sənaye və texnologiya naziri Faruk Özlü, NATO-nun Baş katibi Yens Stoltenberq, NATO PA-nın prezidenti Maykl Turner, ATƏT PA-nın prezidenti xanım Kristin Muttonen və digər rəsmi şəxslərin çıxışları dinlənildi. Bu sessiyada dəyişməyən bir şey var idisə, o da Ermənistan təmsilçilərinin qurumun əvvəlki toplantıların nümayiş etdirdikləri riyakarlıq və şərəfsizlik idi. Hansı ki, yenidən üstünə qayıdacağımız layiq olduqları bu adları, necə deyərlər, onların sifətinə çırpdılar. Özü də bir yox, bir neçə dəfə.

Sessiyanın birinci günü müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar Ermənistanın Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlaması, BMT Təhlükəsizlik Şurasının, o cümlədən, digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qərar və qətnamələri, bir milyondan çox qaçqın və məcburi köçkünün öz ata-baba yurduna qayıda bilməməsi barədə məqamlara toxunub. NATO-nun bütün sammitlərində də Azərbaycanın ərazi bütövlüyünün tanındığını diqqətə çatdıran Ziyafət Əsgərov əminliklə bildirib ki, NATO PA-nın 62-ci sessiyasının qəbul edəcəyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə müvafiq müddəa əksini tapacaq. Əslində, Azərbaycan parlament sədrinin birinci müavini bu gedişi NATO PA-ni seçim qarşısında qoymuşdur. Həqiqətən də, haqlı olaraq, sual yaranır: Bütün beynəlxaq təşkilatlar, o cümlədən, NATO suveren dövlətlərin ərazi bütövlüyünü tanıdığı halda, NATO PA dövlətlərin sərhəd toxunulmazlığı barədə öz mövqeyini niyə nümayiş etdirməməlidir?

Elə həmin gün ikinci sensasiyalı müzakirə NATO Parlament Assambleyanın Siyasi Komitəsinin iclasında yaşandı. NATO Parlament Assambleyasının bu sessiyası Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünyanın siyasi düzümünü tam reallığı ilə əks etdirən məzmunlu çıxışı ilə də tarixə vəsiqə qazandı. Dünyada sülhün və sabitliyin bərqərar olunmasında, münaqişələrin qarşısının alınmasında, terrorla mübarizədə, qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdırılmasında Türkiyənin mövqeyini iştirakçılara çatdıran M.Çavuşoğlu təmsilçilərin suallarını cavablandırıb. Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına cavab verən nazir onu yalan danışmaqda ittiham edib.

Mövzu ətrafında, o cümlədən, "ASALA" erməni terror təşkilatının Azərbaycanda və Türkiyədə çoxlu sayda terror aktı törətməsi, işğalçı Ermənistanın əsassız ərazi iddiaları və s. məsələlər barədə fikirlərini bildirib. Milli Məclisin komitə sədrinin terrorla mübarizədə NATO üzvlərinin Türkiyəyə hansı səviyyədə dəstək verməsi barədə sualına cavabında M.Çavuşoğlu saxta "erməni soyqırımı", təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri iştirakçılara çatdırıb. Nazir vurğulayıb ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmayanadək Türkiyə təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən, sərhədlər açılmayacaq.

Nazir çıxışında saxta "erməni soyqırımı", təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırıb. O deyib: "ASALA" terror təşkilatı türk diplomatlarına qarşı ağır terror aktları törətdiyi üçün mən də şəhid olmaq arzusu ilə diplomat oldum.

Türkiyə Silahlı Qüvvəlırin Baş Qərərgah rəisi, ordu generalı Hulusi Akar da çıxışından sonra Ermənistan təmsilçisinin böhtan xarakterli sualı ilə qarşılaşdı və hər kəsin gözünün içinə dik baxaraq, ifadə etdi ki, dediklərin böhtandır. Bunları sübut etsən, istefa verirəm. Sübur edə bilməsən, şərəfsizsən. Erməni deputat isə şərəfsiliyini boynuna alaraq, hər kəsin gözü qarşısında susdu.

Analoji vəziyyət Türkiyənin Elm, sənaye və texnologiya naziri Faruk Özlünün iştirak etdiyi iclasda da təkrar olunub. İclasın sədri Ermənistan təmsilçisini mövzuya aid olmayan suallar verməklə vaxt almaqda günahlandırıb. Nazir Faruk Özlün isə erməni deputatı nankorluqda, böhtan və şər danışmaqda ittiham edib.

Bütün hallarda Türkiyə rəsmiləri sessiyada iştirak edən erməni deputatların açıq böhtan xarakterli təxribatçı çıxışlarına və suallarına kəskin cavab verərək, onları yalan danışmaqda ittiham edərək, iştirakçılar qarşısında ifşa ediblər.

Millət vəkilləri - Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov da iştirak etdikləri iclaslarda Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdilər. Müzakirə olunan məsələlər ətrafında çıxış edən deputatlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, ərazilərimizin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması, BMT Təhlükəsizlik Şurasının, o cümlədən, digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qərar və qətnamələrinin indiyədək yerinə yetirilməməsi, erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı terror aktlarının acı nəticələri və digər məsələlər barədə fikir və mülahizələrini NATO parlamentariləri ilə bölüşüblər. İclaslarda dəfələrlə ifadə olunub ki, müasir dövrdə beynəlxalq məsələlərlə bağlı ədalətsizliklərin əsasını dünyadakı ikili standartlar təşkil edir.

Təcavüzkar Ermənistanı ifşa edən daha bir mənzərə isə elm və texnologiyalar komitələrində "kimyəvi, bioloji, radioloji və nüvə terrorçuluğu" mövzusunda aparılan müzakirələr zamanı baş verdi. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında nüvə tullantıların basdırılmasına, Ermənistanın siyasi elitasına bağlı transmilli cinayətkar dəstələrdən nüvə tərkibli maddələrin tutulması, bu maddələrin, xüsusilə, Yaxın Şərqdə kök salan terrorçu qruplara çatdırılması riski barədə çatdırılan faktlar NATO parlamentarilərində heyrət yaratdı.

Qaçqın və məcburi köçkünlər problemlərinə toxunan deputat Məlahət İbrahimqızı qaçıqın və məcburi köçkün problemi, Avropa ölkələrində bu qəbildən olan insanlara qarşı ayrı-seçkilik siyasətinin ağır nəticələri, o cümlədən, qaçqın uşaqların kütləvi şəkildə oğurlanması, onlardan terrorçuluq məqsədi ilə istifadə olunması, həmçinin, orqan mafiyasının bu uşaqlardan məharətlə bəhrələnməsi kimi məsələlərə toxunub. Deputat cəsarətlə ifadə edib ki, bütün bu hallar Avropanın insan dəyərlərinə dair ortaya qoyduğu prinsiplərə silinməz ləkə salır.

Sessiyanın sonuncu günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun Baş katibi Yens Stoltenberq, NATO PA-nın prezidenti Maykl Turner, ATƏT PA-nın prezidenti xanım Kristin Muttonen və digərləri çıxış etdilər. Sonra Yens Stoltenberq iştirakçıların suallarını cavablandırıb. Nümayəndə heyətimizin üzvü Siyavuş Novruzov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, təcavüzkar ölkənin qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları və mövzuya dair digər məqamlarla bağlı geniş məlumat verib, NATO Baş katibinə müvafiq suallar ünvanladı. Millər vəkili diqqətə çatdırdı ki, təcavüzkar Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarını işğal altında saxlamaqla kifayətlənmədən indi də NATO ilə qarşıdurma halında, olan başqa qüvvələrlə ortaq ordu yaradır. Belə olan halda bu dövlətin NATO tədbirlərində iştirak etməyə mənəvi haqı çatmır. Azərbaycan təmsilçisinin bu ittihamları iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Bu hal təcavüzkar Ermənistanın siyasi vəziyyətinin real göstəricisi kimi də xarakterizə oluna bilər.

Sessiyada təşkilati məsələlərə da baxılıb

Türkiyə Böyük Millət Məclisinin deputatı, NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin üzvü Mətin Lütfi Baydar assambleya prezidentinin müavini seçilib.

NATO Parlament Assambleyasının 62-ci sessiyasının qətnaməsində bütün suveren dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına dair müddəa daxil edilib.

Ümumilikdə, NATO Parlament Assambleyasının 62-ci sessiyası fəaliyyətini səmərəli olaraq başa çatdırdı. Azərbaycan Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov sessiyanın işini yüksək dəyərləndirərək, diqqətə çatdırıb ki, NATO Parlament Assambleyası fəaliyyəti dövründə ilk dəfədir ki, suveren dövlətlərin ərazi bütövlüyünün qorunması, sərhəd toxunulmazlığı barədə qərar qəbul edir. Bu qərar, ümumilikdə, sülhsevər dünyanın maraqlarını təmin edir.

İSMAYIL QULİYEV

Digər xəbərlər