PDF Oxu

Sosial

  • 167

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin IX Ali səviyyəli toplantısı başa çatıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin IX Ali səviyyəli toplantısı başa çatıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata əsasən, müzakirələrdə qeyd olunub ki, bu gün bütün dünyada müsəlmanların hüquqlarının pozulması halları artmaqdadır. Avropada müsəlmanlara olan neqativ münasibətdən bəhs edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Liviyanın Avropa İttifaqındakı keçmiş səfiri Farida Allaghi qeyd edib ki, bu gün radikal islamla dünyəvi islam qarışdırılmamalıdır: "Mövcud problemin çıxış yolu gənc nəslə düzgün tərbiyə və təhsilin verilməsindədir". Bosniya və Herseqovinadakı Yəhudi İcmasının rəhbəri Yakob Finci isə Bosniyada yəhudilərə olan münasibəti multikulturalizm nümunəsi adlandırıb.

Panelin iştirakçıları miqrasiya axınının təsirinə məruz qalan Avropa multikulturalizminin gələcəyini, ümumiyyətlə, Avropada sülhün gələcəyini, qitəyə təsir gəstərən dünya siyasətindəki yeni aksentləri müzakirə ediblər. Müzakirələrdə bölünmüş İttifaqın Balkanlara qarşı öhdəliklərini necə yerinə yetirəcəyi, miqrasiya, yeni millətçi sağ hərəkatının baş qaldırmasının sülhün gələcəyini təhlükəyə alması ilə bağlı problemlərdən çıxış yolları axtarılıb.

Toplantıda 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri də diqqət mərkəzində olub, forumun gündəliyinə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısında Bosniya və Herseqovinanın rəyasət heyətinin üzvləri Mladen İvaniç, Draqan Çoviç, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, mərkəzin idarə heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və təşkilatın digər üzvləri iştirak ediblər.

NƏZAKƏT

Digər xəbərlər