Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət vətənpərvərlik layihəsinə yekun vurdu
Dünən Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsinin yekun tədbirini keçirib. Tədbir Nizami rayonundakı 328 saylı tam orta məktəbdə baş tutub. Layihənin rəhbəri Məlahət Xəlilova layihənin yekunları ilə bağlı məlumat verərək bildirib ki, günümüzün əsas prioritet mövzusuna çevrilən vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub və bu yöndə davamlı olaraq tədbirlər keçirilir. KİV-də vətənpərvərlik hissinin təbliği ilə bağlı silsilə məqalələr dərc edilmişdir. 2 şəhid ailəsini- aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu və Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət etdik. Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqların media vasitəsilə ictimailəşdirilməsi üçün müsahibələr alındı".
328 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nadir Həsənov bildirib ki, gənc nəsil vətənpərvərlik nümunəsini Azərbaycanın qəhrəman oğulları və yaradıcı şəxsiyyətlərindən əxs etməlidir. Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, əsl vətənpərvər olmaq üçün yaxşı oxumaq lazımdır. Gənclərin vətənpərvər olması üçün doğma vətənimiz Azərbaycan haqda bilikləri yetərli olmalıdır: "Torpaqlarımızın 20 faizinin işğal olunmasının səbəblərindən biri də bu məmləkət haqqında biliklərin yetərli olmamasıdır. Yaxşı ki, hazırda ölkəni tanımaq üçün "Vətəni tanıyaq" adlı kampaniya həyata keçirilir". Yazıçı-publisist, ABUC-un sədri Yunus Oğuz çıxışında qeyd edib ki, ərsəyə gətirdiyimiz əsərlərdə əsas məqsədimiz vətənpərvər övladlar yetişdirməkdir: "Siz fəxr etməlisiniz ki, müstəqil Azərbaycanın övladlarısız. Mənim ömrümün 31 ili sovet imperiyasının dövrünə düşüb. Bu nəslin qafasını dəyişdirmək çətin olduğundan işimizi gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək üzərində qurmuşuq. Biz istəsək də, istəməsək də dövlətimizin gələcəyi sizin əlinizdə olacaq. Bu dövlətin aparıcıları-ziyalıları, aydınları, məmurları siz olacaqsınız". Y.Oğuz əlavə edib ki, Avropa kosmopolit ideologiyasını sərgiləməkdədir: "Bu ideologiyada ailə və dövlət düşüncəsi yoxdur. Bizdə isə ailə kiçik dövlət hesab olunur. Odur ki, gənclər anlamalıdırlar ki, vətənpərvərlik təkcə döyüşlə bitmir. Vətənpərvərlik gözəl sənətlə, elinə, obasına, Vətəninə yaxşılıqla müşahidə olunur".
Çıxışlardan sonra mövzu ilə əlaqədar media nümayəndələrinin və şagirdlərin sualları cavablandırılıb. Sonda 328 saylı məktəb adından yazıçı-publisist Yunus Oğuza xatirə plaketi təqdim olunub.
NƏZAKƏT