Bakı Slavyan Universitetində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramının təqdimatı keçirilib. "Könüllü ol, uğurlu gələcək qur!" devizi altında baş tutan tədbirin mahiyyəti barədə tələbələri məlumatlandıran tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova onları İslam Həmrəyliyi Oyunlarında fəal olmağa səsləyib.
Tədbirdə İslam Həmrəyliyi Oyunları və Könüllülük Proqramı haqqında tələbələrə faydalı məlumatlar verilib. İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri İslam Həmrəyliyi Oyunlarının tarixi, nəzərdə tutulmuş idman növləri, yarışların keçiriləcəyi məkanlar və iştirak edəcək dövlətlər barədə söz açıblar: ""Baku-2015" Avropa Oyunları və "Formula-1" yarışlarından fərqli olaraq, İslam Həmrəyliyi Oyunlarında tələbələrlə yanaşı, müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq üçün qeydiyyat vaxtının dekabr ayının sonuna qədər davam edəcək. Könüllü olaraq seçiləcək gənclər İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən, qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə böyük təcrübə əldə edəcəklər". Sonra "Baku-2015" Avropa Oyunları və "Formula-1" yarışlarında könüllülük olaraq fəaliyyət göstərən BSU tələbələrinin könüllük barədə fikirləri dinlənilib.
ZÜMRÜD