AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyevin "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələləri"nin yeri və Azərbaycana təsiri (1917-1920)" və həmin institutun elmi işçisi Elnur Kəlbizadənin "Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)" adlı monoqrafiyaların təqdimatı olub.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq, geniş ictimaiyyətə təqdim olunan monoqrafiyaların yazılmasının əhəmiyyətindən, aktuallığından və bu cür mövzuların nəşrlərinin dəyərindən söhbət açıb: "Sözügedən hər iki nəşr Azərbaycan tarixşünaslığı üçün çox dəyərli elmi əsər olmaqla yanaşı, müəlliflərin hər iki mövzunun üzərində dəqiqiliklə işlədikləri çoxsaylı tədqiqatlarının yüksək göstəricisidir. Bu cür mövzular üzrə ciddi tədqiqatların, araşdırmaların aparılması, öyrənilməsi vacibdir".
Mərasimdə YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin "Ermənilərin soyqırımı cinayətləri Böyük Britaniyanın arxiv sənədlərində" mövzusunda məruzəsi dinlənilib.
Daha sonra "Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)" monoqrafiyası haqqında bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin məruzəsi dinlənilib. "Naxçıvanın tarixi coğrafiyasının tədqiqi yolunda" mövzusunda çıxış edən məruzəçi bildirib ki, giriş, 3 fəsil, 12 yarımfəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı, xəritə və şəkillərin yer aldığı monoqrafiyada XII-XVIII əsrin I yarısında Naxçıvan diyarının tarixi coğrafiyası tədqiq edilib. Kitabda bu dövrdə Azərbaycanın Naxçıvan diyarının daşıdığı inzibati statuslar, sərhədləri, ərazisi, şəhərləri, əhalisinin etnik və dini tərkibi öyrənilib.
Mərasimdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, "Naxçıvan" Unversitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev mövzu ətrafında çıxış edərək, geniş ictimaiyyətə təqdim olunan hər iki monoqrafiyanın nəşrini yüksək qiymətləndirərək, kitabların elmi dəyərindən danışıblar.
Tədbirin sonunda müəlliflər Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev, həmin institutun elmi işçisi Elnur Kəlbizadə çıxış edərək, tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD