Dünən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə hər bir dövlətin ən vacib atributlarından olan dilin xalqın və ölkənin identikliyi, mədəniyyəti və psixoloji xüsusiyyətlərini özündə əks etdirən bir fenomen olduğunu bildirdi.
Akademik Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırdı: "Məhz Ulu Öndərin uzaqgörən siyasəti və iradəsi ilə Azərbaycan dilinə dövlət dili statusunun verildiyini, dövlət orqanları, digər idarə, müəssisə və təşkilatlarda Azərbaycan dilinin tətbiqinə başlanılıb. İnkişafın yeni mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasətini uğurla davam etdirir.
AMEA prezidenti MTİS-in konsepsiyası və veb-portalının, məhz Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, informasiya cəmiyyətinin bərqərar olunmasına dair dövlət siyasətinin həyata keçirilməsi, eləcə də, elmi fəaliyyətin informasiya təminatının gücləndirilməsi məqsədlərinə xidmət etdiyini söylədi.
Tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək, müasir iqtisadi proseslərin Azərbaycanda elmin iqtisadiyyat və sənaye ilə bağlantısının təmin olunması, real iqtisadi səmərəyə yönələn elmi nəticələr üzərində hüquqların qorunması və standartlaşdırma fəaliyyətinin elmi-texniki istiqamətlərinin gücləndirilməsi ilə bağlı birgə fəaliyyətin əhəmiyyətinin artırdığını bildirdi.
Beynəlxalq təcrübədə terminologiyanın inkişafına böyük əhəmiyyət verildiyini söyləyən komitə sədri Beynəlxalq Standartlaşdırma Təşkilatında "Terminologiya" Texniki Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, texniki komitə çərçivəsində terminologiyanın müxtəlif sahələrini əhatə edən 46 beynəlxalq standart qəbul olunmuşdur və hazırda 27 beynəlxalq standart layihəsi üzərində iş aparılır.
Çıxış edən AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev terminoloji fəaliyyətdə İKT-nin tətbiqi nəticəsində linqvistik informatikanın tərkib hissəsi kimi terminoloji informatika elmi istiqamətinin formalaşdığını söyləyərək, ölkədə bu sahədə tədqiqatlara 2008-ci ildə başlanılıb.
R.Əliquliyev bildirdi ki, e-terminologiya ölkədə formalaşmaqda olan "Elektron Azərbaycan"ın seqmentlərindən biri olan e-elmin tərkib hissəsidir.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev milli terminoloji veb-portalı təqdim edərək, onun strukturu və dizaynı haqqında ətraflı məlumat verdi.
NƏZAKƏT