Prezident İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində gənclərin yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hər bir şərait yaradılıb
Gəncədə şəhər icra hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə I Sosial Media Forumu layihəsinin açılış mərasimi olub.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur və 2 Fevral Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir: "Bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində gənclərin yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hər bir şərait yaradılıb".
N.Həmzəyev çıxışında onu da bildirib ki, gənclər yaradılan şəraitdən yararlanaraq dövlətimizə və dövlətçiliyimizə öz sadiqliyini nümayiş etdirməli, hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməli, dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməlidirlər.
Tədbirdə çıxış edən millət vəkili Pərvin Kərimzadə bildirib ki, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq, həm öz inkişafını təmin etməsi, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etməsi üçün ciddi iradə ilə çalışmaqdır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Gəncədə olmaqdan şad olduğunu bildirib. Prezident İlham Əliyevin göstərişlərini daim rəhbər tutan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin şəhərə, həmçinin, gənclərə göstərdiyi xüsusi diqqətdən danışıb: "Müasir dövrdə sosial medianın önəmi günü-gündən artmaqdadır. Xüsusilə, Xocalı soyqırımının tanıdılmasında, Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılmasında Yeni Azərbaycan Partiyasının gəncləri sosial mediada çox fəaldırlar. Bizi istəməyən bəzi qüvvələr özlərinin media orqanlarında Azərbaycana qarşı haqsız yazılar, yalan məlumatlar dərc edirlər. Gənclərimiz sosial media vasitəsilə bu haqsızlıqlara rəy bildirir, tutarlı cavablar verirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 260 mindən çox üzvü var və onun 21 minə yaxını Gəncə şəhər təşkilatında toplanıb. Biz də gənclərin təşəbbüsü ilə bu layihəni reallaşdırmağı qərara aldıq. Layihə 2 gün davam edəcək, sonda iştirakçı gənclərə sertifikatlar veriləcək".
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncənin son illər qazandığı statuslardan, gənclərlə bağlı şəhərimizdə keçirilən layihələrdən danışıb.
Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov ölkədə kütləvi informasiya vasitələrinin inkişafı, söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən mühüm işlərdən danışıb. Medianın ən kütləvi təsir vasitəsi olduğunu bildirən Kənan Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyəti olduğunu qeyd edib.
Sonda gənclərin hazırladıqları videoçarx nümayiş edilib və xatirə şəkilləri çəkilib.
Rövşən NURƏDDİNOĞLU