PDF Oxu

Sosial

  • 3 281

Sağlam və intellektual gənclik yeni hədəflər uğrunda

image

Bugünkü reallıq, faktlar ondan ibarətdir ki, aparılan düzgün, məqsədyönlü siyasət, qəbul edilən dövlət proqramları nəticəsində Azərbaycanda cəmiyyətin inkişadında mühüm rol oynayan gənclər yetişib. Gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirərək, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək, mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanıb, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir ki, bu siyasət nəticəsində də sağlam və intellektual nəslin formalaşmasının şahidi oluruq. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci il fevralın 1-də "2 fevral" - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi, onun konturlarının cızılması Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb və 2 fevral 1996-cı ildə onun təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Ümumilikdə, Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" qanun, fərman və sərəncamlar, habelə, "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət proqramı gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına imkan yaradıb.

Bugünkü gənclik gələcəyin rəhnidir

1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalayıb. Həmin vaxtdan etibarən, ənənəvi olaraq, hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkənin aktiv gəncliyini bir araya gətirən forumlar isə, davamlı olaraq, bir neçə ildən bir reallaşdırılır və özündə cəmiyyətin inkişaf istiqamətlərini səciyyələndirən vacib qərarlar alınır. Belə ki, forumlarda qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimaisiyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunur və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərkən demişdir: "Mən sizi gördükcə, daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan "Dövlət-Gənclər Siyasəti" haqqında Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilməkdədir. "Dövlət-gənclər siyasəti" haqqında Fərman çox genişspektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dahi şəxsiyyət çıxışlarının birində gənclər barədə belə deyib: "Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik".

Uğurlu siyasətin müsbət nəticələri

Birmənalı şəkildə demək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu "Dövlət-Gənclər Siyasəti"nin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənc, müstəqil, çiçəklənən Azərbaycan Respublikasının daha da qüdrətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edirdi. Həmin Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönələrək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməli, özünütənqidi də bacarmalıdır. Dövlət şərait yaratdı ki, hər bir gənc lap erkən yaşlarından özünəinamlı olsun, özünə güvənsin, özünü şəxsiyyət kimi yetişdirsin, problemlərin həlli yollarını özü düşünüb tapsın, kimsədən asılı olmasın. Prezident İlham Əliyev gənclər qarşısında çıxışlarının birində demişdir: "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu sözlərin arxasında gənclər və idman sahəsində gənclərin rifahının yüksəlməsi üçün dövlət səviyyəsində görülən işləri, tədbirləri xatırlamaq kifayətdir. Ölkə başçısı İlham Əliyevin gənclərlə keçirdiyi görüşlər, apardığı fikir mübadiləsi, dəyərli tövsiyələri onların hər birinin həyatında unudulmaz izlər buraxır, tarixi hadisəyə çevrilir. Hər bir gənc diqqət və qayğıdan bəhrələnərək fəaliyyətini dövlət və xalqa xidmət üzərində qurmağa çalışır. Məhz bunun nəticəsi olaraq da Azərbaycan gəncliyi dünyada öz intellekti, bilik və bacarığı, milli maraqlara bağlılılığı ilə seçilir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir" deyən Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident Təqaüdü ilə mükafatlandırılır. Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə, gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər gəncərə diqqətin, təhsilə önəmin nəticəsidir. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. Bütün bunlara əsaslanaraq bir daha demək olar ki, Azərbaycanın bu günü kimi sabahıda parlaq və işıqlıdır.

Ceyhun Rasimoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etmək üçün

Digər xəbərlər